Efirdəki proqram uşaqlarının tərbiyəsini pozursa, baxmasınlarbackend

Efirdəki proqram uşaqlarının tərbiyəsini pozursa, baxmasınlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq təxminən üç ildir ki, Mədəniyyət Nazirliyinə yeni rəhbərlik gəlib. Əlbəttə ki, tədricən heyətdə də dəyişikliklər baş verir”.

NOCOMMENT.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu son günlər müzakirəyə səbəb olan məsələlərlə bağlı jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib.

“Biz hər zaman Mədəniyyət Nazirliyi olaraq, bir tərəfdən irsə, digər tərəfdən isə eksperimentə, yeniliyə yol açmaq məsələsi ilə bağlı müzakirələr aparırıq”, – C.Səlimxanov bildirib.

Nazir müşavirinin sözlərinə görə, mədəniyyət xadimləri nazirliyə köhnə yanaşma ilə baxırlar: “Həmin şəxslər elə bilirlər ki, nazir yalnız əvvəlki dövrlərin funksiyalarını icra etməlidir. Adi bir vətəndaş sosial şəbəkədə “mədəniyyət naziri hara baxır? Niyə telekanallarda bayağı musiqi geniş yayılır?” yazsa, bu, başadüşüləndir. Amma bunu bir mədəniyyət xadimi soruşanda artıq qəbulolunan deyil”.

Səlimxanov qeyd edib ki, Mədəniyyət Nazirliyinin konkret səlahiyyət çərçivəsi var və bəzi tənzimləmələr digər müvafiq qurumlar tərəfindən həyata keçirilir: “Müxtəlif media platformalarının mövcud olduğu şəraitdə bütün problemləri yalnız nazirliyin üzərinə qoymaq doğru yanaşma deyil. Hər kəs əvvəlcə öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı və dəyişikliklərə özündən başlamalıdır. Məsələn, efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar.

Mədəniyyət sahəsində tez-tez “nəyə görə bəzi musiqi xadimləri dövlət tədbirlərinə dəvət olunmur?” kimi iradlar səslənir. Məsələ ilə bağlı bildirilib ki, dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri olsa da, yaradıcı fəaliyyət üçün bu gün sosial şəbəkələr və beynəlxalq platformalar daha böyük imkanlar açır.

Elektron musiqi, alternativ və eksperimental janrlar artıq qlobal auditoriya qazanıb. “YouTube” və “Spotify” kimi platformalarda bəzi Azərbaycan ifaçılarının dinlənmə sayı ölkə əhalisinin sayını belə ötür. Bu isə Mədəniyyət Nazirliyinin deyil, qlobal rəqəmsal səhnənin təsirini göstərir. Əgər musiqi xadimlərinin düzgün iradları varsa, bildirsinlər. Biz hər şeyi hamıdan yaxşı bilə bilmərik, bunun üçün onlarla sıx əməkdaşlıqda olmalıyıq”.