Ehtiyatda olan polkovnik: Qisas əməliyyatı ermənilərə ağır dərs oldubackend

Ehtiyatda olan polkovnik: Qisas əməliyyatı ermənilərə ağır dərs oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsindən sonra Ermənistan istər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, istərsə də dövlət sərhədində tez-tez təxribatlara əl atırdı. Düşünürəm ki, ordumuzun “Qisas” əməliyyatı vaxtında və yerində atılan addım oldu”.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov deyib.

O xatırladıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə üçtərəfli bəyanatın bəndələrinin yerinə yetirilməməsi ilə bağlı xəbərdarlıqlar etmişdi: “Cənab Prezident son müşavirədə məhz üçtərəfli bəyanatın 4-cü bəndinin yerinə yetirilməməsi ilə bağlı öz iradlarını bildirərək ciddi xəbərdarlıq etdi. Azərbaycan bu məsələnin bundan sonra uzanmasına imkan verməyəcək. Dövlət başçısı bu mesajı açıq şəkildə bütün tərəflərə çatdırdı. Bundan sonra qarşı tərəflər hərəkətə keçdi, hətta sentyabradək məsələnin həlli ilə bağlı zaman istənildi. Rusiya Prezidenti və Ermənistan Baş naziri arasında telefon danışıqları da oldu”.

Ş.Ramaldanov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarına təbii ki, adekvat cavablar verilməli idi: “Artıq düşmən ciddi itkilərlə üzləşib. Biz bunu Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdən də görə bilirik. Bu, artıq Ermənistan rəhbərliyinin proseslərin hansı istiqamətdə getdiyi barədə düşünməsinə və tez qərar verməsinə təsir edəcək”.

Ehtiyatda olan polkovnik söyləyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə düçar etməsi ermənilərə ciddi dərs olub, amma buna baxmayaraq təxribatlarından əl çəkmirlər: “Ermənistanda hərbi-siyasi rəhbərlik heç vaxt müstəqil olmayıb, hər zaman da xarici lobbilərin diqtəsi ilə idarə edilib. Revanşist qüvvələr Ermənistanda yetərincə mövqeyə sahibdir. Ancaq sizi əmin edirəm ki, “Qisas” əməliyyatı onlara ağır dərs olacaq. Nə qədər ki, qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisində olacaq, ölkəmizə qarşı həmişə də belə təxribatlar törədiləcək. Onlar həmin ərazilərdə xidmət edən vətəndaşlarımıza, hərbiçilərimizə təhlükə mənbəyidir. Rusiya sülhməramlı qüvvələri müvəqqəti yerləşdiyi ərazilərdə ola-ola bu təxribatın baş verməsi bir daha onu göstərir ki, sülhməramlılar prosesə tam şəkildə nəzarət etmirlər. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır və adekvat cavab verərək erməniləri ağır günə qoyacaq”.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.