Ələkbərovun nəzarətindən çıxan bankda 288 milyon yığılmış zərərbackend

Ələkbərovun nəzarətindən çıxan bankda 288 milyon yığılmış zərər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” ASC-nin 2023-cü ilin yekunları üzrə maliyyə hesabatları açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, “ölkə.az”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 566 mln 453 min manat təşkil edib. Bu isə 2022-ci ilin yekunları ilə müqayisədə 91% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 22,9% artaraq 764 mln 310 min manat təşkil edib.

2022-ci ilin son rübü ilə müqayisədə bankın depozit portfeli 2,3 dəfə artaraq 1 mlrd 292 mln 23 min manata çatıb. Bankın cəmi öhdəlikləri isə 2 dəfəyə yaxın artaraq ötən ilin dekabrın 31-ə 1 mlrd 467 mln 384 min manat təşkil edib.

Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri də 91 mln 275 min manat olub ki, bu da illik müqayisədə 4,6% çoxdur.

Nizamnamə kapitalı 378 mln manat, yığılmış zərəri 288 mln 252 min manat olan “Yelo Bank”ın cəmi kapitalı illik müqayisədə 29,9% artaraq 99 mln 69 min manata yüksəlib.

Ötən ilin son rübünün yekununda bankın xalis faiz gəlirləri 67 mln 162 manat, xalis qeyri-faiz xərcləri isə 58 mln 956 min manat təşkil edib. Əməliyyatlarını 8 mln 206 min manat mənfəətlə icra edən bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 12 mln 555 min manat azaldıb. Bununla da, “Yelo Bank” ötən ili 20 mln 762 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Yelo Bank” ASC-nin səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur. Bir müddət əvvəl milyader Vahid Ələkbərovun nəzarət etdiyi “Topaz İnvestment Limited” MMC bankdakı payını digər səhmdarlara ötürüb. Bununla da Banka birbaşa nəzarət V. Ələkbərovdan M. Kulişovaya keçib.