UNEC Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Beynəlxalq Tədqiqat Mərkəzinə rəhbər təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Elxan Mikayılov təyin olunub.
E.Mikayılov təyinatla əlaqədar universitet rəhbərliyinə təşəkkürünü bildirib.
O söyləyib ki, Mərkəz beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması istiqamətində iqtisadi tədqiqatların aparılmasını təşviq etmək, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi araşdırmalar üçün platforma yaratmaq məqsədilə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın ÜTT-yə üzv olma prosesində ölkəmizin beynəlxalq mal və xidmətlər bazarına çıxış imkanlarına elmi-praktiki dəstək vermək əsas prioritetlərdən biridir.
O qeyd edib ki, təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakı vəzifələri əhatə edəcək:
• Strateji tədqiqatlar: ÜTT-nin sorğu mərkəzinin tövsiyələri əsasında müxtəlif layihələr çərçivəsində elmi-tədqiqat işləri və araşdırmalar həyata keçirmək.
• Qanunvericilik dəstəyi: Milli qanunvericiliklə müəyyən edilmiş normativ-hüquqi sənədlərin ÜTT tələblərinə uyğunlaşdırılması istiqamətində təkliflər hazırlamaq.
• Hökumətə və özəl sektora kömək: ÜTT-yə üzvlük və ticarət danışıqlarında Azərbaycan hökumətinə dəstək göstərməklə ticarət siyasətinin gücləndirilməsinə töhfə vermək.
• Maarifləndirmə: Beynəlxalq və milli konfranslar, simpoziumlar, həmçinin sahibkarlar üçün ixtisaslaşmış seminarlar və təlimlər təşkil etmək.
• Qlobal şəbəkələşmə: Ölkə daxilində və xaricdə beynəlxalq ticarət istiqamətində araşdırmalar aparan tədqiqat mərkəzləri, institutlar və universitetlərlə əməkdaşlıq etmək.
“İnanıram ki, Mərkəzimiz həm akademik inkişaf, həm də ölkəmizin ticarət-iqtisadi münasibətlərinin tənzimlənməsi üçün mühüm bir beyin mərkəzi (think-tank) rolunu oynayacaqdır”, – E.Mikayılov əlavə edib.










