Ermənistan Rusiyadan hansı yeni silahları alıb?backend

Ermənistan Rusiyadan hansı yeni silahları alıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə bəyan etdi ki, Rusiya ötən ilin noyabrından (yəni Qarabağda hərbi əməliyyatların dayandırılmasından) etibarən Ermənistana intensiv şəkildə yeni silah və hərbi texnikanın təchizatını həyata keçirir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətləri ilə bağlı narahatlıq ifadə etməsindən sonraya təsadüf edib. Azərbaycan prezidenti Rusiyanın Ermənistanı yenidən silahlandırmasını “məntiqsiz addım” adlandırmışdı və bəyan etmişdi ki, əgər erməni tərəfi yeni müharibəyə hazırlaşırsa o zaman Azərbaycan da preventiv addımlar atacaq.

Bəs Ermənistan Rusiyadan hansı yeni silah sistemlərini alıb? Rusiya hərbi sənayesi erməniləri daha hansı yeni məhsulları ilə sevindirə, yaxud Azərbaycanı təəccübləndirə bilər? Bir halda ki, “İsgəndər” operativ-taktiki raketlərindən tutmuş ən yeni radioelektron mübarizə vasitələrinə qədər Rusiya silahlarının 44 günlük Qarabağ müharibəsində hansı aqibətlə üzləşdiyi bəllidir.

Jurnalistlər Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyandan Rusiyadan hansı yeni silahların alındığını soruşublar. Davtyan isə deyib ki, yeni silahlar həqiqətən alınıb, “amma onları vaxtı çatanda nümayiş etdirəcəklər”.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, bu günlərdə Ermənistanın müdafiə naziri Arşak Karapetyan yenidən Moskvaya gedib və onun səfərinin formal səbəbi Rusiyanın təşkil etdiyi beynəlxalq ordu oyunlarının açılış mərasimində iştirak etməkdir. Rusiya KİV-ləri istisna etmirlər ki, səfər zamanı Ermənistana yeni silah və hərbi texnikanın təchizatına dair daha əvvəldən başlamış müzakirələr də davam etdiriləcək. Belə ki, Rusiya hərbi sənayesinin yeni məhsullarının nümunələri beynəlxalq ordu oyunları ilə eyni vaxtda təşkil olunan sərgidə nümayiş etdirilir.

Ehtimal edilir ki, Yerevan ilk növbədə Rusiyanın “Remdizel” şirkəti tərəfindən istehsal olunan, xüsusi təyinatlıları daşımaq üçün istifadə edilən yüngül zirehli “Tayfun” avtomobilləri ilə maraqlanacaq. Çünki 44 günlük müharibə zamanı Qarabağda erməni silahlı dəstələri məhz adi yük maşınlarında daşınarkən Azərbaycanın pilotsuz təyyarələrinin zərbələrinə tuş gəlirdilər və ciddi itkilər verirdilər. Habelə erməni ordusunun Ural mülki aviasiya zavodu tərəfindən istehsal edilən “Forpost” zərbə pilotsuz aparatlarına böyük maraq göstərəcəyi təxmin edilir.

Arşak Karapetyanın ardınca Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan da Moskvaya yollanıb və onun avqustun 23-dən 28-nədək davam edəcək hərbi sənaye forumunda iştirak edəcəyi bildirilir. Məlumata əsasən Brutyan Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin və “Rosoboroneksport”un rəhbərləri ilə görüşəcək. Habelə iri hərbi-sənaye şirkətlərinin rəhbərləri ilə danışıqlar aparacaq. Bura “İrkut” (Rusiyanın o cümlədən Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aparıcı aviasiya zavodu bu şirkətə daxildir), “KamAZ”, “Uralvaqonzavod” (T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir) və müxtəlif tipli raketlər istehsal edən “Taktiki raket silahları” Korporasiyasının rəhbərləri də daxildir.

44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edildiyindən indi onu praktiki olaraq sıfırdan qurmaq lazım gəlir. Müharibənin gedişində Ermənistan ordusu özünün tank və zirehli maşınlar arsenalının, hərbi nəqliyyat vasitələrinin böyük əksəriyyətini itirib, hava hücumundan müdafiə sistemləri arsenalı darmadağın edilib və hazırda erməni ordusunun qalıqları hətta ən adi mühəndis texnikası (məsələn, səngər qazmaq üçün ekskovatorlar) sarıdan da ciddi qıtlıq çəkir. Bu baxımdan Ermənistan Müdafiə Nazirliyinin Rusiyadan ilk növbədə hərbi nəqliyyat vasitələri, o cümlədən yüngül zirehli vasitələr almaq niyyətləri təəccüblü deyil. Amma söhbət hücum silahlarından və o cümlədən yeni silah sistemlərindən gedirsə Rusiya onları alıcılıq qabiliyyəti sıfra bərabər olan Ermənistana havayı, yaxud güzəştli kreditlər hesabına ancaq bir şərtlə verə bilərdi-regionda qüvvələr balansını qismən də olsa formalaşdırmaq və nəticədə məğlubiyyətlə barışan erməni tərəfini sülhə aparan yoldan yayındırmaq.