Ermənistanda seçki rüşvəti qalmaqalı: 14 nəfər saxlanılıbbackend

Ermənistanda seçki rüşvəti qalmaqalı: 14 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində hüquq-mühafizə orqanları genişmiqyaslı əməliyyat keçirib. Ölkənin Anti-korrupsiya Komitəsi tərəfindən aparılan cinayət işi çərçivəsində seçki rüşvəti verməkdə və almaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, saxlanılan şəxslərin əksəriyyəti müxalif yönümlü “Güclü Ermənistan” (Ուժեղ Հայաստան) partiyasının üzvləridir. Bildirilir ki, hüquq-mühafizə orqanları partiyanın müxtəlif regional ofislərində, o cümlədən Artaşat şəhərindəki qərargahında axtarışlar aparıb.

Məlumata əsasən, cinayət işi seçicilərin pulla ələ alınması və qanunsuz ianələrin toplanması faktları üzrə araşdırılır. Saxlanılanlar arasında partiyanın tanınmış simalarının və fəallarının da olduğu qeyd edilir. “Güclü Ermənistan” partiyasının nümayəndələri isə baş verənləri siyasi təzyiq kimi qiymətləndirib və ittihamların əsassız olduğunu bəyan ediblər.

Xatırladaq ki, iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində Ermənistanda siyasi gərginlik pik həddə çatıb. Hakimiyyət orqanları seçki prosesinin şəffaflığını qorumaq üçün nəzarəti gücləndirdiyini desə də, müxalifət bu cür həbslərin seçki kampaniyasına mane olmaq məqsədi daşıdığını iddia edir.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Yaxın saatlarda saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcəyi gözlənilir.

Sara,
NOCOMMENT.az