Ermənistandakı əsirlərimizin taleyindən nə xəbər?backend

Ermənistandakı əsirlərimizin taleyindən nə xəbər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin Azərbaycan komitəsi Bakıda olan erməni əsirlərlə görüşüb, onların səhhətləri ilə maraqlanıb.

Birinci Qarabağ müharibəsi zamanı 4000 Azərbaycan vətəndaşı ermənilər tərəfindən əsir götürülüb. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu günə qədər azərbaycanlı əsirlərlə maraqlanıb, səhhətlərinin necə olduğunu soruşmayıb. Bu ayrı-seçkiliyin səbəbi nədir?

NOCOMMENT xəbər verir ki, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə məsələ ilə bağlı yenisabah-a açıqlamasında Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən hər zaman laqeydlik gördüyünü bildirib: “Beynəlxalq Qırmızı Xaç komitəsi birinci dəfə deyil ki, Azərbaycanda olan erməni əsirlərlə görüşür. Hətta sonuncu dəfə onlardan bəzilərinin ailələri ilə də telefon əlaqələri yaratdılar. Haqlı olaraq sual yaranır. Niyə ermənilərə qarşı həssas, bizim əsir və itkinlərə qarşı laqeyd?

Birinci Qarabağ müharibəsindən sonra Milli Təhlükəsizlik nazirliyinin tərkibində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı dövlət komitəsi yaradıldı. Mən də uzun illər həmin komitənin üzvü olmuşam. Orada üzvlər rotasiya qaydasında dəyişdirilir. Hazırda üzv deyiləm.

Mən üzv olduğum zamanlar biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəsini də bəzən komitə iclaslarına dəvət edirdik. Onlardan tələb edirdik ki, bizə arayış versinlər, əsir və girovlarımızla maraqlansınlar. Hətta iclaslardan birində Təhlükəsizlik naziri Namiq Abbasov Bakı nümayəndəsindən çox ciddi formada tələb etdi ki, bəzi məsələləri aydınlaşdırsın, Azərbaycan dövlətinə məlumat versin. O isə iclasa dəvətli olduğu halda etiraz əlaməti olaraq nümayişkarcasına iclası tərk etdi.

Biz beynəlxalq təşkilatlar tərəfindən həmişə bu cür laqeydliklərlə üzləşirik.

Bizim 3800 nəfərdən çox itkinimiz var. Onların bəziləri öldürülüb, bəzilərini Ermənistana aparıb işlədiblər. Bütün hallarda biz onların qaldı və ya öldüsündən məlumatlı olmalıyıq. Beynəlxalq qanunlara görə bu missiyanı Beynəlxalq Qırmızı Xaç Komitəsi həyata keçirməlidir. Lakin təəssüf ki, bizi qane edəcək cavablar almamışıq. Doğrudur, Şahbaz və Dilqəmlə bağlı görüşlər etmişdilər. Əvvəl hər hansı bir telefon danışığına cəhd etmirdilər, indi isə şərait yaradırlar.

Erməni əsirlər üçün bu şəraitin yaradılması Azərbaycan dövlətinin nə qədər humanist olduğunun göstəricisidir. Biz bu təşkilata və digərlərinə Azərbaycana basqı edə biləcək imkan verməməli, beynəlxalq hüuququn tələblərinə əməl etməliyik. Eyni zamanda tələb etməliyik ki, bizə də öz missiyasına uyğun bəzi məlumatları dəqiq versinlər”.