Ermənistanın müharibə cinayətləri: Kütləvi məzarlıqlar, aşkarlanmış cəsədlər…backend

Ermənistanın müharibə cinayətləri: Kütləvi məzarlıqlar, aşkarlanmış cəsədlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların məzarlıqlarının aşkarlanması da vam edir.

Hazırda Baş Prokurorluq tərəfindən erməni qəddarlığının qurbanı olmuş soydaşlarımızın meyitlərinin ekspertizası prosesi aparılır. Prokurorluqdan verilən məlumata əsasən, bu il ərzində 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

Statistikaya görə, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları tapılıb. Onlardan da 124-ü 2022-ci ildə, 133-ü isə 2023-cü ildə aşkar edilib. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları tapılıb.

Sözsüz ki, bütün bunlar Ermənistanın və artıq tarixə qovuşmuş qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin törətdiyi müharibə cinayətlərinin sadəcə müəyyən bir hissəsidir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın sayı da az deyil. Baş Prokurorluq tərəfindən verilən məlumata görə, müharibədə itkin düşmüş şəxslərin arasında 872 nəfərin o zaman sağ-salamat olması faktları mövcuddur.

Bununla bağlı Baş Prokurorluq əməkdaşları ermənilərin daha bir müharibə cinayəti faktını üzə çıxarıblar. Araşdırmalar nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər dəfn edilərkən “Hərbi əsirlərlə rəftara dair”, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” konvensiyaların müddəaları kobud surətdə pozulması faktı üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, ermənilərin törətdiyi cinayətlərlə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müxtəlif maddələr nəzərdə tutulub:

“Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı bütün beynəlxalq hüququn prinsiplərinə zidd davranışlar sərgiləyib. Son zamanlar azad olunmuş ərazilərdə diri-diri basdırılmış, öldürülmüş Azərbaycan vətəndaşlarının skeletləri, cəsədləri tapılır. Ermənistan tərəfi uzun illər təcavüzkar müharibəni özünün və havadarlarının vasitəsi ilə həyata keçirib.

Bu cinayətlər birbaşa olaraq soyqırım aktlarıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsinə görə, Ermənistan Azərbaycan əhalisini bütövlükdə və qismən məhv etməklə bağlı qəsdən cinayətlər törədib. Bu maddəyə əsasən, ermənilərin əməlləri istər müharibə, istərsə də sülh dövründə mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistemtik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş cinayətdir. Girov götürülmüş şəxslər arasında ahıl şəxslər, qadınlar və yetkinlik yaşına çatmamış uşaqlar da olub. Onlara qarşı xüsusi amansızlıqla tətbiq edilən davranışlarla bağlı Cinayət Məcəlləsində 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ancaq bir hüquqşünas kimi deyə bilərəm ki, bu onların əməlləri qarşısında olduqca yüngül cəzadır və onlar ən azı ömürlük həbsə məhkum olmalıdır.

Hüquqşünas beynəlxalq məhkəmələrin Azərbaycanın müraciətlərinə etinasız yanaşmasını da diqqətə çatdırıb:

“Hətta, bizim konstitusiyamızın 27-ci maddəsinə görə, Azərbaycan dövlətinə, onun konstitusion quruluşuna və vətəndaşların həyat və sağlamlığına əleyhinə xüsusilə ağır cinayətlərə görə, ölüm hökmünün tətbiqi mümkündür. Ermənilərin bizim insanlara qarşı həyata keçirdiyi cinsi zorakılıq, irqi ayrı-seçkilik halları ilə bağlı cinayət Məcəlləsinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayətləri törətmiş şəxslərin, bu təcavüz və zorakılıq aktlarını planlaşıdıranların Beynəlxalq Haaqa məhkəməsində, hərbi tribunallarda cəzalandırılması üçün müraciətlər edilsə də, Ermənistanın havadarları bu müraciətləri bilərəkdən gecikdirir və yubadır. Ermənistan tərəfi eyni zamanda törətdiyi cinayətlərlə əlaqədar müharibə qanunlarını da ciddi şəkildə pozub. Bununla bağlı da cəza tətbiqi olduqca vacibdir”.

Milli Məclisin Xocalı rayonu üzrə deputatı Elman Məmmədov Birinci Qarabağ müharibəsi zamanı kütləvi qırğınların ən çox törədildiyi yerlərlə bağlı danışıb:

“Birinci Qarabağ müharibəsi dövründə ən çox kütləvi qırğınlara və soyqırımlara məruz qalmış yerlər Xocalı şəhəri, rayonun Meşəli kəndi, Xocavənd rayonunun Qaradağlı kəndi və Kəlbəcər və Ağdərənin bir neçə kəndi olub. Eyni zamanda Şuşa ətrafında keçirilmiş Daşaltı əməliyyatı zamanı çoxlu sayıda insanımız şəhid olub və itkin düşüb.

Ermənilər başda Şuşa həbsxanası olmaqla, müxtəlif yerlərdə əsir götürülmüş vətəndaşlarımızı girov saxlayıb və vaxtaşırı qətlə yetiriblər. Bu gün aşkar olunan kütləvi məzarlıqlar hələ son deyil və getdikcə artacaq. Burada 3928 nəfər itkin düşmüş insanımızın taleyindən söhbət gedir. Onların çox az bir hissəsi aşkarlanıb. Artıq ərazilərimiz düşməndən təmizlənib və axtarış işləri davam edir. Ermənilər bizim xeyli sayıda əsirlərimizi Ermənistan ərazisinə də aparıblar və onlara dəhşətli işkəncələr verilib. Təbii ki, Ermənistan bu haqda heç bir məlumat vermir. Ancaq öz ərazimizdə dövlətimiz tərəfindən çox ciddi işlər aparılır. Artıq 73 nəfərin kimliyi müəyyənləşdirilib”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.