Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün BMV markalı, 90 BY 008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb və onun tibbi müayinədən keçməsi nəticəsində narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
NOCOMMENT.az Teleqraf-a istinadla xəbər verir ki, sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılan və 25 sutka inzibati qaydada həbs edilən İlkin Qarayevin idarə etdiyi sözügedən avtomobil artıq ikinci dəfədir gündəmə gəlir.
Belə ki, o, ötən ay da Xətai rayonu, Ağ şəhər ərazisində narkotik vasitələrin təsiri altında eyni dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi üçün 25 sutka inzibati qaydada həbs olunmuşdu.
Məsələ burasındadır ki, 2001-ci il təvəllüdlü İlkin Qarayevin həmin vaxt motosiklet sürücüsü ilə mübahisə yaşamışdı. Oktyabrın 5-də axşam saatlarında baş verən hadisə zamanı İlkin Qarayev Nadir Cəlilov adlı vətəndaşdan parkinq zonasında motosikleti kənara çəkməyi tələb etsə də, o, yerin rəsmi parklanma sahəsi olduğunu bildirərək bundan imtina etmişdi.
İddiaya görə, cavab olaraq BMV sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.
Qeyd edək ki, sözügedən avtomobilin əsl sahibi Əliyev Davud adlı şəxsdir. Maşın “Rent a car”a məxsus olub.














