Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə 28 may – Respublika Gününə həsr olunmuş videoçarx təqdim edilib.
Komitədən NOCOMMENT.az-a verilən məlumata görə, videoçarxda İsveçrədə yaşayan Mariya xan Xoyskaya milli geyimdə Azərbaycanın iki dahi şəxsiyyətinin – Nizami Gəncəvinin və Üzeyir Hacıbəylinin yaratdığı “Sevgili Canan” əsərinin sədaları altında Azərbaycan rəqsini ifa edib.
Rəqs nömrəsi Cenevrə gölünün sahilində çəkilib. Xalqımızı və dünya azərbaycanlılarını bu möhtəşəm bayram münasibətilə təbrik edən soydaşımız bildirib ki, ifasını Respublika Gününə və Vətən müharibəsindəki qələbəmizə həsr edir.
Qeyd edək ki, Mariya xan Xoyskaya Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan nəticəsidir.