Fransanı fərqləndirən cəhət – sülh və əmin-amanlığa qarşı çıxmaq – ŞƏRHbackend

Fransanı fərqləndirən cəhət – sülh və əmin-amanlığa qarşı çıxmaq – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında sülh üçün unikal imkan yaranıb və bu istiqamətdə mühüm addımlar atılır. İki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan görüşün nəticələri nəinki regional, həm də beynəlxalq əhəmiyyətli hadisə oldu. Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması isə tarixi razılaşmadır. Razılaşmaya əsasən, dörd qeyri-anklav kənd – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı Azərbaycana qaytarılır. Bundan başqa, delimitasiya prosesinin də məhz həmin ərazilərdən başlanması nəzərdə tutulur. Baş nazirin müavini Şahin Mustafayevin Xidmətinin aprelin 26-da yaydığı məlumata görə, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb. Proses uğurla davam edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, təsadüfi deyil ki, hər iki ölkədə baş verən hadisələr ciddi nəticə kimi göstərilir. Məsələn, Prezident İlham Əliyev də aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bəyan edib ki, Cənubi Qafqazda sülh üçün unikal fürsət yaranıb.

Yeri gəlmişkən, əksər dövlətlər Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası istiqamətində görülən işləri sülh üçün mühüm addım kimi dəyərləndiriblər. Rusiya, Türkiyə və ABŞ müvafiq bəyanatlarla çıxış ediblər. Məsələn, aprelin 28-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, Vaşinqtonun bunu təqdir edildiyini vurğulayıb. A.Blinken Birləşmiş Ştatların Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Şübhəsiz ki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlət kimi ABŞ-nin bu mövqeyi təqdirəlayiqdir. Bundan bir qədər əvvəl digər həmsədr dövlət Rusiya da Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəklədiyini açıqlayıb. Bəs digər keçmiş həmsədr dövlət olan Fransa hansı mövqe ortaya qoyub? Yelisey sarayı indiyə qədər bir dəfə də olsun Bakı-İrəvan danışıqlarına, əldə olunan razılaşmalara reaksiya verməyib. Əksinə, qərəzli və riyakar mövqe ortaya qoyub, birtərəfli qaydada İrəvanı dəstəkləyib, onu silahlandırıb, revanşistlərə dəstək verib. Hətta, artıq arxivə atılan qondarma Dağlıq Qarabağ Respublikasının Parisdə nümayəndəliyinin fəaliyyətinə razılıq verib. Bununla da birbaşa separatizmə dəstəyini nümayiş etdirmiş olub.

Separatizmə dəstək verən prezident Emmanuel Makron hökuməti bununla riyakar və ikili mövqe ortaya qoyur. Paris “unudur” ki, 30 il münaqişənin nizamlanması ilə məşğul olan Minsk qrupunun həmsədri olub. Yelisey sarayı əvəzində nə edir? Ard-arda İrəvana heyət göndərir, revanşist qüvvələri dəstəkləyir. Məsələn, bu yaxınlarda Ermənistanda səfərdə olan “Ram edilməyən Fransa” Partiyasının sədri Jan-Lyuk Melanşon səfər təəssüratlarını bölüşüb. O, ənənəsinə sadiq qalaraq Türkiyə və Azərbaycanı hədəfə alıb, qondarma erməni soyqırımından dəm vurub. Siyasətçi əlavə edib ki, bu səfəri ilə İrəvanın nəinki Fransanın, bütövlükdə Avropa İttifaqının diqqət mərkəzində olacaq. Ondan əvvəl isə Fransa-Ermənistan parlament qrupunun üzvləri də İrəvana səfər ediblər. Heyət E.Makrondan aldıqları əmr və tapşırıqlara uyğun olaraq Ermənistanın silahlandırılmasını gündəmə gətirib. Ermənistanı silahlandırmaqla regionda vəziyyəti gərginləşdirməyə çalışan Fransa çox gözəl başa düşür ki, bu silahlar ermənilərə kömək etməyəcək. Sadəcə, bu addımla gərginlik yaratmağa çalışır.

Digər qatı ermənipərəst senator, separatizmə əsas dəstəyini ifadə edən Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupunun rəhbəri qatı ermənipərəst Ann-Lorens Petel isə həyasızcasına bəyan edib ki, “rəsmi Bakı Dağlıq Qarabağda ermənilərin mövcudluğunun bütün izlərini silib”. Ermənistan belə Qarabağı Azərbaycan torpağı kimi tanısa da, iddia edib ki, “azərbaycanlılar kilsələrdən, xaçkarlardan və Artsax Milli Assambleyasına, hökumət binasına hücum edirlər”.

Aprelin 16-da Azərbaycandakı səfirini geri çağırması da rəsmi Parisin qərəzi və ikili yanaşmasının sübutudur. Fransa XİN-in yaydığı məlumatda iddia olunub ki, qərara səbəb Azərbaycanın “birtərəfli” qaydada atdığı addımlardır. Maraqlıdır, Paris Azərbaycanın atdığı hansı addımları “qərəzli” və “birtərəfli” sayır? Əvvəla, rəsmi Bakı dəfələrlə Fransa tərəfinin təxribatçı addımlarının ikitərəfli münasibətlərə zərər vuracağı barədə xəbərdarlıq edib. Münasibətlərin də indiki vəziyyətə düşməsinin səbəbkarı məhz Yelisey sarayıdır. Azərbaycan hər zaman tərəfdaşları ilə əlaqələrdə səmimi və açıq davranıb. Fransanın qərəzinə və ikili siyasətinə baxmayaraq, ölkəmiz dəfələrlə barışıq əlini uzatmağa hazır olduğunu diqqətə çatdırıb. Makron hökuməti isə göründüyü kimi, uzadılan ələ qarşı diplomatik nümayəndəsini geri çağırmaqla cavab verir.

Bütün bunlar onu deməyə əsas verir ki, başını itirmiş vəziyyətdə olan Fransa hökuməti məsuliyyətsiz, qeyri-standart qərarlar verir, Azərbaycanın otuzillik işğala son qoymaqla yaratdığı reallıqla heç cür barışmaq istəmir. “Ermənidən artıq erməni” olmağa cəhd göstərən Paris birtərəfli qaydada bu ölkəni hələ də dəstəkləməkdə, silahlandırmaqdadır. Fransa artıq keçmişdə qalmış Qarabağ münaqişəsinin nizamlanmasını 30 il ərzində həyata keçirməyə məsul olan keçmiş Minsk qrupunun həmsədri olduğunu belə unudur.