Fransız generaldan xəbərdarlıq – “Rusiya ilə toqquşmaq şokuna hazır olmalıyıq”backend

Fransız generaldan xəbərdarlıq – “Rusiya ilə toqquşmaq şokuna hazır olmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa ordusu Rusiya ilə “3-4 il ərzində toqquşmaya hazır olmalıdır”.

NOCOMMENT.az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabyen Mandon deyib.

“Silahlı qüvvələr qarşısında qoyduğum ilk hədəf üç-dörd ildən sonra şoka hazır olmaqdır”, – Mandon ölkədə “yenidən silahlanma səyləri”nə ehtiyac olduğunu belə izah edib.

Fransız general hesab edir ki, Moskva Avropada “müharibəni davam etdirmək cazibəsinə düşə bilər”. Onun sözlərinə görə, Rusiya “Avropanı kollektiv olaraq zəif qəbul edir”.

Bununla belə, Baş Qərargah rəisi diqqətə çatdırıb ki, Fransanın “özünə güvənmək üçün hər şeyi var”.

“Əgər bizim potensial rəqiblərimiz, düşmənlərimiz özümüzü müdafiə etmək üçün səy göstərdiyimizi və bu qətiyyətə malik olduğumuzu görsələr, o zaman [hücum etməmək] qərarına gələ bilərlər”, – general deyib.

Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte iyunun sonunda Almaniyanın Baş Qərargah rəisinin və “digər yüksək səviyyəli hərbi liderlərin” bəyanatlarına istinad edərək bildirib ki, Rusiya beş ildən sonra NATO-ya hücum edə bilər.

Ruttenin sözlərinə görə, əgər Rusiya indi NATO-ya hücum etsəydi, alyansın cavabı “dağıdıcı” olardı və Moskva bunu başa düşür. “2030-cu ilə qədər bizim min nüvə başlığımız olacaq və biz onlardan özümüzü müdafiə edə biləcəyimizə arxayın və əmin olmalıyıq”, – baş katib demişdi.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropa dövlətlərinə və NATO-ya hücum planları ilə bağlı açıqlamaları yalan adlandırıb.

Amma beynəlxalq birlik yaxşı xatırlayır ki, Putin 2000-ci illərin əvvəlində ölkəsinin Krımı işğal etməsini və qardaş ukraynalılarla müharibə aparılmasını ağılsızlıq sayırdı. 2014-cü ildən Putinin rəhbərliyi ilə Ukraynanın Krım, Donetsk və Liqansk əraziləri işğal olunub, 2022-ci ildən isə ukraynalılara qarşı genişmiqyaslı qəsbkar müharibə başlayıb.

Xatirə SADİQ