Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) “Enerqoatom” ətrafında çirkli pulların yuyulması sxemi ilə bağlı həyata keçirdiyi “Midas” əməliyyatı ölkəni silkələyib.
NOCOMMENT.az Ukrayna mediasına istinadən xəbər verir ki, onu maraqlı edən məqamlardan biri də əməliyyatın fiqurantlarından birinin biznesmen Timur Mindiç olmasıdır. “Kvartal 95” firmasının həmsahibi Timur Mindiç prezident Volodimir Zelenski ilə yaxın münasibətləri ilə tanınır.
Məlumata görə, artıq NABU-nun detektivləri noyabrın 11-də Timur Mindiçin işinə həsr olunmuş istintaqla bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) yeni təyin olunmuş zabiti ilə görüş keçirib.
FTB bu yaxınlarda NABU ilə əlaqəyə cavabdeh olan zabitin planlaşdırılmış rotasiyasını başa çatdırıb. Belə dəyişikliklər hər dörd-altı ayda bir baş verir.
FTB-nin yeni nümayəndəsi artıq Kiyevə gəlib və onun ilk işçi görüşlərindən biri Mindiç işi ilə bağlı olub.
Məlumata görə, FTB nümayəndəsi antikorrupsiya agentliyi yaradılan zaman imzalanmış idarələrarası əməkdaşlıq memorandumuna uyğun olaraq NABU ofisində daim işləyir. Öz ofisi olan FTB nümayəndəsi iş görüşlərində iştirak edir, detektivlərlə gündəlik əlaqə saxlayır və əsas korrupsiya araşdırmaları haqqında məlumat alır.
Ukrayna mediası qeyd edir ki, iş materiallarında, o cümlədən NABU tərəfindən hazırlanmış səs yazılarında Zelenskinin yaxın çevrəsindən olan şəxslər – Timur Mindıç və Sergey Şefir var. Araşdırmada həmçinin ədliyyə naziri German Qaluşenko, energetika naziri Svitlana Qrinçuk və baş nazirin keçmiş müavini, prezidentin kirvəsi Aleksey Çernışev də daxil olmaqla, indiki və keçmiş yüksək vəzifəli məmurların adları çəkilir.
İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) prokurorları qeyd ediblər ki, “Enerqoatom” ətrafında çirkli pulların yuyulması sxeminin təşkilatçısı Timur Mindiç ölkə prezidenti ilə əlaqələri sayəsində keçmiş energetika naziri və ədliyyə naziri German Qaluşenko üzərində təsir imkanları qazanıb.
Prokurorlar həmçinin vurğulayıblar ki, Mindiç keçmiş müdafiə naziri, indi isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerova təsir göstərib.
“Enerqoatom” dövlət enerji şirkətində korrupsiya qalmaqalı fonunda Ukrayna Prezidenti Vladimir Zelenski ədliyyə naziri Qaluşenko və energetika naziri Qrinçukun işdən çıxarılmasını tələb edib.
Noyabrın 12-də Ukrayna prezidenti öz Telegram kanalında yaydığı videomüraciətində bildirib ki, ədliyyə naziri German Qaluşenko və onun energetika naziri Svetlana Qrinçuk dövlətə məxsus “Enerqoatom” şirkətində korrupsiya ilə bağlı aparılan araşdırmalar fonunda “vəzifələrində qala bilməzlər”.
“Bu, həm də etimad məsələsidir. İttihamlar varsa, onlara cavab verilməlidir. Vəzifədən uzaqlaşdırılmaq qərarı çevik və ən sürətlidir. Mən Ukraynanın baş nazirindən bu nazirlərin istefaları haqda ərizələrini təqdim etmələrini xahiş etmişəm. Ali Radanın üzvlərindən xahiş edirəm ki, bu ərizələri dəstəkləsinlər. Sonra isə hər şey qanuni yolla həll olunmalıdır”, – deyə Zelenski bildirib.
Zelenski həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) “Energoatom” işində əli olan iki şəxsə qarşı sanksiya tətbiq etməsi haqqında fərmanı imzalayacağını açıqlayıb. Dövlət başçısı həmin şəxslərin adlarını çəkməsə də, söhbətin Mendiç və maliyyəçi Aleksandr Tsukermandan getdiyi vurğulanır.
Prezidentin müraciətindən bir qədər sonra hər iki nazir istefa verib.
Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib ki, Nazirlər Kabineti növbədənkənar iclasda Zelenskinin çoxdankı tərəfdaşı, “Kvartal 95” şirkətinin həmtəsisçisi Timur Mindiçə, eləcə də Aleksandr Tsukermana qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasına (MTŞ) təkliflər təqdim edib.
Maraqlıdır ki, hər iki şəxs “Energoatom” korrupsiya işi üzrə aparılan axtarışlardan əvvəl ölkəni tərk edə bilib.
Ali Rada hər iki nazirin istefasına məsələsinə 18 noyabrda baxacaq.
Bu həftə NABU və SAP“Energoatom” dövlət şirkətində irimiqyaslı korrupsiya sxeminin ifşa olunduğunu açıqlayıb.
Noyabrın 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları Qaluşenko və Mindiçin evlərində, həmçinin “Enerqoatom”da axtarışlar aparıblar.
“Cinayətkar təşkilatın əsas fəaliyyəti “Enerqoatom”un kontragentlərindən müqavilə dəyərinin 10%-15%-i həcmində sistematik şəkildə qanunsuz mənfəət əldə etmək olub. Konkret olaraq, “Energoatom”un kontragentləri göstərilən xidmətlər/məhsullar üçün ödənişlərin bloklanmasından və ya tədarükçünün statusundan yayınmaq üçün geri ödəmələr etmək məcburiyyətində qalıblar”, – NABU-nun bəyanatda bildirilib.
Noyabrın 11-də “Energoatom”un müşahidə şurası növbədənkənar iclas keçirib və baş nazir Sviridenko hökumətin şirkətin hazırkı müşahidə şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul etdiyini bildirib.
Noyabrın 12-də Korrupsiyaya Qarşı Ali Məhkəmə “Enerqoatom” şirkətinin təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basovu enerji sektorunda irimiqyaslı korrupsiyada iştirakda şübhəli bilərək həbs edib.
Xatirə SADİQ













