COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiq edir ki, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan dövlətlərin sırasında yer alır.
NOCOMMENT.az Azərtac-a istinadən xəbər verir ki, bu fikir Gəncə Dövlət Universitetində “COP29 İqlim dəyişkənliyi ilə mübarizə” mövzusunda keçirilən tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva deyib.
O, tədbirdə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən və Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyətindən ətraflı bəhs edib.
Sonra Kimya-biologiya fakültəsinin əməkdaşları – professor Sevda Əhmədova “Müasir dövrdə qlobal müharibə və sülh problemlərinin iqlim dəyişmələrinə təsiri”, dosent Nəsibə Nəsirova “Alternativ enerji mənbələrinin qlobal iqlim dəyişmələrinə müsbət təsiri”, dosent Lalə Abdullayeva “İqlim dəyişkənliyinin Xəzərin ixtiofaunasına təsiri”, baş müəllim Güləbatın Hümbətova “GMO-nun ətraf mühitə və canlılara təsiri” və müəllim Sevinc Mahmudova “Qlobal istiləşmənin ekoloji nəticələri” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə ekoloji tarazlığın və ətraf mühitin qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi və su elektrik stansiyalarının yaradılmasına dair müzakirələrlə davam edib. Çıxış edənlər qlobal iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, eləcə də qlobal qida təhlükəsizliyinə, regional təhlükəsizlik sistemlərinə mənfi təsirlərindən, həmçinin alternativ enerji mənbələrindən səmərəli istifadənin vacibliyindən söz açıblar.