GENERAL: Rüşvət məsələlərini Rüstəm Usubov həll edirdibackend

GENERAL: Rüşvət məsələlərini Rüstəm Usubov həll edirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasa yenə də jurnalistlər buraxılmayıblar.

İclasda zərərçəkmiş şəxs qismində Sərdar İsmayılov ifadə verib. O bildirib ki, 2013-cü ilin martında şəriki Orxan Abdullayevlə Çindən satış məqsədi ilə pirotexniki vasitələr və yapışqan lentlər sifariş veriblər:

“Orxanla birlikdə çay evində oturanda özlərini MTN əməkdaşı kimi təqdim edən şəxslər bizi saxladılar, nazirliyin binasına apardılar. Orada təxminən 30 saat saxlanıldıqdan sonra evə buraxıldıq. Növbəti gün yenidən MTN-ə dəvət edildim. Sonra Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay həbs qətimkan tədbiri seçildi. İstintaq şöbəsinin müstəntiqi Yasin Məmmədov məni öz otağına gətizdirdi. Həmin vaxt MTN-də müstəntiq işləyən Nadir Mustafayev də orada idi.

Yasin Məmmədov dedi ki, 50 min gətir, səni buraxaq. Yaşadığım evdə 30 min dollar olduğu üçün dostum Vüqara dedim ki, bizim evdən pulu götür, maşınımı sat, nə çatmasa özün düz-qoş, 50 min dollar Yasin müəllimə çatdır. Həmin vaxt Yasin Vüqarı da hədələdi. Ona dedi ki, sənin bura gəldiyini, Sərdarı gördüyünü, onunla söhbət etdiyini kiməsə desən, səni Sərdarın yanına salacağıq”.

Sərdar İsmayılovun sözlərinə görə, 1 aydan da çox keçdikdən sonra onu 50 min dollar rüşvət müqabilində həbsdən azad ediblər.

Prokuror bu epizodla bağlı general Mövlam Şıxəliyevə və Yasin Məmmədova suallar ünvanlayıb. Şıxəliyevin cavabı qısa olub: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.

Proses yanvarın 18-də davam edəcək.