Güclü yağışlar nəticəsində dağlardan gələn sel Bakı-Şamaxı yolunda problem yaradıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Qobustan dağlarına yağan leysan nəticəsində yaranan selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrliyində hərəkəti çətinləşdirib. Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, sel suları yolun hərəkət hissəsinə yayılıb.
Nəticədə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
AAYDA-nın baş mühəndisi Həsən Məmmədli bildirib ki, baş verən hadisəyə operativ reaksiya verilib, hazırda ərazidə təmizləmə və bərpa işləri davam etdirilir: “Hazırda yolda hərəkətin tam bərpası və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarımız səfərbər olunub. Havanın dəyişkənliyinə baxmayaraq, işlər fasiləsiz aparılır. Avtomobillərin hərəkətində hər hansısa məhdudiyyət yoxdur, sürücülərə tövsiyə edirik ki, ərazidən keçərkən diqqətli olsunlar”.
Qeyd edək ki, yağışlı hava davam edir.