Tiflisdə qeyri-qanuni yolla nüvə materialları – iki kiloqram uran əldə etməyə cəhd edən üç Çin vətəndaşı saxlanılıb.
NOCOMMENT.az “NewsGeorgia” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Laşa Maqradze bildirib.
Qurumun məlumatına görə, Çin vətəndaşları mal üçün 400 min dollar ödəməyi planlaşdırıblar. İstintaq hesab edir ki, uranın qaçaqmalçılıq yolu ilə Rusiya vasitəsilə Çinə aparılması nəzərdə tutulub.
“Gürcüstanda olan Çin vətəndaşlarından biri qaydaları pozaraq cinayət planı həyata keçirmək üçün uran əldə etməkdə maraqlı olan ekspertləri Gürcüstana gətirib və bütün ölkə ərazisində nüvə materiallarının aktiv axtarışına başlayıb. Bu hərəkətlərin əlaqələndirilməsi cinayətkar qrupun Çində olan digər üzvləri tərəfindən həyata keçirilib”, – Maqradze bildirib.
Sövdələşmənin təfərrüatlarını razılaşdırılarkən Dövlət Təhlükəsizliyi Xidməti şübhəliləri müəyyən etməyə və onları saxlamağa imkan verən kəşfiyyat məlumatı əldə edib.
Nüvə materiallarının qanunsuz dövriyyəsi maddəsi üzrə davam etdirilən istintaq çərçivəsində çinlilərin Tiflis və Batumidəki müvəqqəti yaşayış yerlərində də axtarışlar aparılıb. Bu cinayət 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xatirə SADİQ













