"Arvadımdan soruşdum ki, harada idin, kobud cavab verdi, 8 dəqiqə döydüm"

"Arvadımdan soruşdum ki, harada idin, kobud cavab verdi, 8 dəqiqə döydüm"

Bakının Xəzər rayonunda 42 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib. Saatlı rayon sakini, 1984-cü il təvəllüdlü Valeh birgə yaşadıqları evdə arvadı Mahirə (adlar şərtidir – red.) ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı yumruq və təpiklə ilə onun baş, bədən nahiyələrinə vurub.

İş üzrə izahat verən Valeh bildirib ki, 2003-cü ildə Mahirə ilə rəsmi nikaha daxil olub: “Bizim birgə nikahdan 3 övladımız var. Mahirə ilə bundan əvvəl aramızda dəfələrlə mübahisələrimiz olub.

Mübahisələrimizin səbəbi Mahirəni qısqanmağım olub. Mən yoldaşımın işdən tez çıxdığını öyrəndim. Buna görə də işçiləri işdən evə aparan servis maşının bizim evimizin yaxınlığında yerləşən dayanacağına gələrək gözləyib. Lakin maşından yoldaşımın düşmədiyini gördüm. Həmin gün həyat yoldaşım işdən tez çıxsa da, mənə məlumat vermədi. Bu səbəbdən arvadıma zəng edərək uşaqları görmək bəhanəsi ilə evə gəldim. Həmin gün içkili olmuşam və evə gələn zaman arvadımdan işdən çıxdıqdan sonra hara getdiyini soruşdum. Yoldaşım mənə kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 20:00-da yaşadıqları evdə olan zaman yumruq və təpiklə onun üz, baş, bədən nahiyələrinə vuraraq ona xəsarət yetirib:

“Həmin vaxt evdə bizdən başqa heç kim olmayıb. Dava-dalaş 7-8 dəqiqə davam etdi”.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Valeh 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat

07.00-dək olan vaxt ərzində tərk etməsi, həmçinin cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan başqa, ona tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.

Həmçinin müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsini yerinə yetirməsi öhdəliyi qoyulub./Demokrat.az/