Bakı-Qazax magistral yolunda qeyri-adi və qorxulu anlar yaşanıb. Hərəkətdə olan iritonnajlı yük avtomobilinə ildırım düşməsi nəticəsində güclü yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Nurlan Allahverdiyevin idarə etdiyi "DAF" markalı TIR (yük avtomobili) yolda hərəkətdə olarkən qəfildən nəqliyyat vasitəsinə ildırım vurub.
İldırımın təsirindən yük maşınında dərhal alovlanma qeydə alınıb və qısa müddətdə yanğın bütün maşını bürüyüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdaş Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınsa da, yük avtomobilinin yanar konstruksiyaları, eləcə də yük hissəsində daşınan soyuducular tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin məlumatlara görə, hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir. Sürücü alovlanma başlayan kimi kabini tərk edə bilib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sara,
NOCOMMENT.az












