Dubay əmiri Məhəmməd bin Rəşid Əl-Məktumin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlının üç qızı ilə birlikdə Dubay polisi tərəfindən saxlanıldığı iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Cavadlının britaniyalı vəkili Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib.
O, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət edildiyini açıqlayıb.
İddialara əsasən, Dubay polisi gecə saatlarında Zeynəb Cavadlının evinə basqın edərək onu və üç qızını naməlum istiqamətə aparıb. Vəkil Devid Heyq bildirib ki, sonuncu dəfə Cavadlı ilə bir gün əvvəl danışıb və bundan sonra bütün əlaqə itib.
Məlumata görə, iki ay əvvəl Dubay məhkəməsi uşaqların ataları Şeyx Səidə təhvil verilməsi barədə qərar çıxarıb.
Qərarda lazım gələrsə, bu prosesin güc tətbiqi ilə həyata keçirilə biləcəyi də qeyd olunub.
Uzun müddətdir uşaqlarının qəyyumluğu uğrunda mübarizə apardığı bildirilən Zeynəb Cavadlı daha əvvəl yayımladığı videoda göz yaşları içində Dubay polisinin uşaqlarını əlindən alacağından qorxduğunu demişdi. O, evinə basqın ediləcəyi və qızlarının zorla aparılacağı ilə bağlı xəbərdarlıq aldığını açıqlamışdı.
Məsələ beynəlxalq ictimaiyyətdə də diqqət çəkib. Devid Heyq beynəlxalq təşkilatları hadisəyə təcili müdaxilə etməyə çağırıb. Bununla belə, nə Dubay polisi, nə də Şeyx Səidin tərəfi iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Dubay kral ailəsi ilə bağlı oxşar iddialar daha əvvəl də gündəmə gəlib. Şeyx Məhəmmədin keçmiş həyat yoldaşı Şahzadə Haya illər əvvəl İngiltərəyə sığınmış, qızı Şahzadə Lətifə isə yayımladığı videolarda azadlığının məhdudlaşdırıldığını iddia etmişdi.
SARA
NOCOMMENT.az












