Baş verən hadisə ilə bağlı adı çəkilən fermanın sahibi Namik Əhmədov danışıb.
Ferma sahibi NOCOMMENT.az -ın Cənub bürosuna bildirib ki, hadisənin onun fermasına heç bir aidiyyəti yoxdur.
Belə ki, həmin şəxslər uzun müddətdir fermanın yaxınlığındakı zibil poliqonunda səfil həyat tərzi keçiriblər və hər iki şəxs içki aludəçisi olub.
“Hadisə baş verən günü, gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına daxil olublar və orada isinmək üçün od qalayıblar. Yəqin ki, otaq isti olandan sonra onları yuxu aparıb, ya tüstü boğub və alova nəzarət edə bilməyiblər. Alov ətrafa yayılıb, onlar da yanıb. Onu da qeyd edim ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayıb, satıb gündəlik qazanc əldə edirdilər. Amma yenə də son qərarı ekspertiza və hüquq-mühafizə orqanları verəcək”.
***13:28
Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az -ın sorğusuna cavab olaraq bildirilir ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***11:41
Lənkəranda yanan meyitlərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu bildirilir.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, ötən gün iki nəfərin yanmış cəsədləri aşkar olunanların Cəlilabad rayon Kazımabad kənd sakinləri 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların şəxsiyyətini dəqiqləşdirmək üçün qohumlarından analiz götürülüb.
Qeyd edək ki, hər iki şəxs ailəli olub. Onlar 1 ilə yaxın idi fermada gözətçi vəzifəsində çalışırdılar.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
***16:23 16.11.2025
Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
NOCOMMENT.az -ın cənub bürosunun verdiyi xəbərə görə meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkarlanıb. Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.
Faktla bağlı araşdırma aparılır.












