Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış jurnalist və aparıcılarından olan Reha Muhtar 66 yaşında vəfat edib.
NOCOMMENT.az-ın məlumatına görə, Türk mediasının məşhur simalarından biri olan Reha Muhtar bir müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparırdı.
O, vəziyyətinin ağırlaşmasından sonra Muğlanın Bodrum şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.
Həkimlərin müayinəsi nəticəsində jurnalistə ürək çatışmazlığı diaqnozu qoyulub və o, reanimasiya şöbəsində müalicə altına alınıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Reha Muhtarın həyatını xilas etmək mümkün olmayıb.
Reha Muhtarın vəfat xəbərindən sonra onun illər əvvəl sosial şəbəkədə etdiyi vəsiyyət xarakterli paylaşımı yenidən gündəmə gəlib. Tanınmış aparıcı paylaşımında keçmiş həyat yoldaşı Deniz Uğur barədə diqqətçəkən fikirlər səsləndirmişdi.
O paylaşımında “Sevdiklərimə vəsiyyətim budur: Ölsəm, Deniz Uğur dəfn mərasimində iştirak etməməlidir” sözlərini yazmışdı.
Qeyd edək ki, Reha Muhtar və Deniz Uğur arasında illər əvvəl əkiz övladlarının qəyyumluğu ilə bağlı ciddi hüquqi mübahisələr yaşanmışdı. Muhtarın ölümündən sonra həmin qalmaqallı proseslər də yenidən müzakirə olunmağa başlayıb.












