Azov dənizində baş verən pilotsuz uçuş aparatlarının hücumu nəticəsində həyatını itirənlərin və yaralananların olduğu ağır hadisənin yeni təfərrüatları məlum olub.
NOCOMMENT.az xəbər verir ki, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində Türkiyədən Rostov-na-Donu istiqamətində hərəkət edən iki yük gəmisi – “Natra” və “Zirkon” pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Moskva saatı ilə 03:04-də yayılan Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin əməliyyat hesabatında bildirilib ki, hücumlar nəticəsində ümumilikdə beş nəfər həyatını itirib.
Məlumata əsasən, ballast vəziyyətində taxıl yükləmək üçün hərəkət edən Beliz bayraqlı “Natra” gəmisinə dörd PUA zərbəsi endirilib. Güclü partlayışlardan sonra gəmidə yanğın başlayıb. Heyət üzvlərinin müdaxiləsi ilə alov söndürülsə də, iki dənizçi həyatını itirib. Hazırda gəminin üzən vəziyyətdə olduğu, lakin yedəklənməyə ehtiyac duyduğu qeyd edilir.
Palau bayrağı altında üzən “Zirkon” gəmisində isə üst tikili hissəsinin yaxınlığında ardıcıl dörd zərbə qeydə alınıb. Hücum nəticəsində üç heyət üzvü ölüb. Partlayışlardan sonra gəmidə genişmiqyaslı yanğın başlayıb və ekipaj üzvləri gəmini xilasetmə qayıqları vasitəsilə tərk etmək məcburiyyətində qalıblar. Son məlumata görə, gəmidə yanğın hələ də davam edir.
Hesabatda bildirilib ki, “Natra” gəmisində 12, “Zirkon” gəmisində isə 14 nəfər olub. Hər iki gəmidə çalışan şəxslərin Azərbaycan vətəndaşları olduğu açıqlanıb. Onların muzdlu dənizçi kimi fərdi müqavilələrlə çalışdıqları vurğulanıb.
Rəsmi məlumatda qeyd olunur ki, gəmilər xarici bayraq altında fəaliyyət göstərib və Azərbaycan dövləti ilə birbaşa rəsmi əlaqələri olmayıb.
Hücumların təxminən bir saat fərqlə həyata keçirildiyi bildirilir. Belə ki, ilk hücum saat 00:45-də “Natra” gəmisinə, ikinci hücum isə saat 01:55-də “Zirkon” gəmisinə edilib.
Faciədən sağ çıxan dənizçilər hadisə yerindən keçən üç müxtəlif gəmi tərəfindən xilas ediliblər. Xilas olunan şəxslər səhərə yaxın Rusiyanın Yeysk limanına çatdırılıb.
Hadisənin görüntülərinin bölgədə olan azərbaycanlı dənizçilər və digər şahidlər tərəfindən lentə alındığı bildirilir. Kadrlarda gecə saatlarında dəniz üzərində baş verən partlayışlar, alovlanan gəmi və ekipaj üzvlərinin təxliyə anları əks olunub.
Hazırda insidentlə bağlı araşdırmalar davam etdirilir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.










