Hər zamanın öz həqiqətləri, hər dövrün isə öz səviyyəsi olur. İnformasiya erasının açdığı geniş imkanlar fonunda bəzən elə mənzərələr yaranır ki, cəmiyyət dəyərləri ilə ucuz şoular arasındakı sərhəd açıq şəkildə görünür. Xarici ölkələrdə, təhlükəsiz məsafədən özünü “mübariz” və ya “müstəqil tribunal” kimi təqdim edənlərin reallıqla üzləşəndə necə acınacaqlı duruma düşməsi heç də təsadüf deyil. Uzaqdakı studiya işıqları altında dövlətə və xalqa ağıllar öyrətməyə çalışanların gerçək siması ilk ciddi söhbətdəcə dərhal üzə çıxır.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almaniyada bloqer Tural Sadıqlıya ünvanladığı “Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil” sözləri reallıqdan tamamilə qopmuş marginal qruplara verilən dəqiq qiymətdir. İllərdir ekran qarşısında uydurma aləm qurub milyonların adından danışdıqlarını zənn edənlər, əslində, yalnız öz dar və qapalı dairələrinin girovudurlar. Azərbaycan cəmiyyəti isə real həyatla, gündəlik quruculuq işləri və ölkənin ümumi inkişaf tempi ilə yaşayır. İnternet efirlərindən yayılan sərsəm iddialar isə yalnız həmin şəxslərin öz daxili komplekslərini ört-basdır etməyə xidmət edir.
Vətənə və dövlətə münasibət hər bir insanın daxili ləyaqət ölçüsüdür. Həyatda müxtəlif çətinliklər ola bilər, lakin öz ölkəsinə qarşı xəyanət yolu seçmək ən ağır mənəvi düşüşdür. Hikmət Hacıyevin “Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir” fikri bu tip şəxslərin əsl psixoloji durumunu dəqiq əks etdirir. Xaricdə oturub Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların vəziyyəti əslində qürur deyil, yalnız acınacaqlı sərgərdanlığın göstəricisidir. Vətənsizlik sadəcə coğrafi anlayış deyil, o, məsuliyyətsizliyin və vicdan böhranının nəticəsidir.
Hüquqi müstəvidə də bu əməllərin qiyməti verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Sadıqlı dələduzluq, terrora açıq çağırışlar və digər ağır ittihamlarla təqsirli bilinərək 14 il müddətinə qiyabi azadlıqdan məhrum edilib. Qanun qarşısında cavab verməkdən qaçaraq xaricdə gizlənmək və hər fürsətdə özünü qurban kimi qələmə vermək məsuliyyətsizlikdən başqa bir şey deyil. Azərbaycan dövləti hər zaman qanunun aliliyini təmin edib və ölkənin milli maraqlarına qarşı yönələn təxribatların qarşısını qətiyyətlə alıb.
Bu gün Azərbaycan tamamilə fərqli bir mərhələdədir. Qarabağın azad olunması, bölgədə yaranan yeni geosiyasi reallıqlar və genişmiqyaslı bərpa-quruculuq işləri cəmiyyəti hədəfləri ətrafında sıx birləşdirib. Belə bir dövrdə kənardan idarə olunan ucuz internet şouları və qərəzli təbliğat cəhdləri heç bir nəticə verə bilməz. Xalq öz gələcəyini müəyyənləşdirib və bu yolda irəliləyir. Xaricdən sifarişlə ölkəsinə ləkə yaxmağa çalışanlar isə zaman keçdikcə tamamilə unudulub gedəcəklər.
Əli Səfərli,
NOCOMMENT.az












