“İranın regionda öz şərtlərini diktə etmək cəhdləri uğursuzluğa məhkumdur və İsrail bu rejimə qarşı daha sarsıdıcı və ağır zərbə planlaşdırıb”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.
İran və “Hizbullah” qruplaşmasına qarşı hərbi əməliyyatların növbəti mərhələsinə toxunan Baş Qərargah rəisi İsrail ordusunun hər an döyüşə hazır olduğunu vurğulayıb:
“İranın regionda qüvvələr nisbətini öz xeyrinə dəyişmək və yeni reallıq diktə etmək cəhdləri iflasa uğrayacaq. Biz “Hizbullah” terror təşkilatına daha ağır zərbələr vurmağa və şimal bölgələrimizin təhlükəsizliyini təmin etməyə davam edəcəyik. İsrail ordusu İranda hərbi əməliyyatları yenidən başlatmaq üçün tam və dərhal döyüş hazırlığı vəziyyətindədir”.
General-leytenant İsrail və İran arasında bu günlərdə baş verən birbaşa hərbi toqquşmaları və raket mübadiləsini də dəyərləndirib:
“Son qarşıdurma zamanı həm müdafiə (HHM), həm də hücum sistemlərimiz maksimum hazırlıq vəziyyətində idi. Bizə qarşı yönələn bütün təhdidləri havada zərərsizləşdirdik, dərhal və güclü şəkildə İrana cavab zərbələri endirdik. Lakin hər kəs bilsin ki, bizim İranda həyata keçirdiyimiz son əməliyyat sadəcə daha böyük, daha sarsıdıcı və ağır zərbə üçün bir hazırlıq xarakteri daşıyırdı. Biz yenidən hərəkətə keçməyə və İranın daxilinə daha sarsıdıcı zərbələr vurmağa tam hazırıq”.
Qeyd edək ki, İsrail mətbuatında yayılan məlumatlara görə, Baş nazir Benyamin Netanyahu, əslində, İranın içərilərinə doğru daha dərin və dağıdıcı zərbələr endirilməsi planını təsdiqləsə də, son anda ABŞ Prezidenti Donald Trampın güclü təzyiqi və diplomatik müdaxiləsi nəticəsində bu qərarı müvəqqəti olaraq təxirə salıb./Qafqazinfo/












