Ali təhsil müəssisələrinə qəbul prosesinin ən məsuliyyətli mərhələlərindən biri olan ixtisas seçimi dövrü yaxınlaşır. Belə ki, bu mərhələdə abituriyentlər təkcə topladıqları bala uyğun universiteti deyil, həm də gələcək təhsil və karyera yolunu müəyyən edəcək qərar verməli olurlar. Son illərdə universitetlərin beynəlxalq reytinqləri, nüfuzu və tanınmışlığı seçim zamanı əsas meyarlardan biri kimi təqdim edilsə də, ixtisasın tədris keyfiyyəti, akademik heyət və məzunların uğurları kimi amillərin də nəzərə alınması da diqqət çəkir.
Maraqlıdır, bəs universitet seçərkən hansı yanaşma daha məqsədəuyğundur?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, universitet seçimində əsas meyar universitetin ümumi reytinqi yox, seçilən ixtisasın həmin ali təhsil müəssisəsində hansı səviyyədə tədris olunmasıdır:
"Beynəlxalq və yerli reytinqlər universitet haqqında ümumi təsəvvür yaradır, amma bu, heç də bütün ixtisasların eyni keyfiyyətdə olması demək deyil. Elə universitetlər var ki, reytinqdə ilk sıralarda olmasalar da, bəzi ixtisaslar üzrə kifayət qədər güclü müəllim heyətinə, müasir tədris bazasına və uğurlu məzunlara malikdirlər. Ona görə də abituriyentlər seçim edərkən ilk növbədə ixtisasın keyfiyyətini araşdırmalıdırlar".
Onun sözlərinə görə, əgər eyni ixtisas bir neçə universitetdə tədris olunursa, o zaman seçim yalnız universitetin adına görə edilməməlidir:
"Həmin ixtisas üzrə müəllim heyəti, praktiki hazırlıq imkanları, laboratoriyalar, istehsalat təcrübəsi, məzunların məşğulluq göstəriciləri və universitetin əmək bazarı ilə əlaqələri nəzərə alınmalıdır. Çünki ali təhsilin əsas məqsədi sadəcə diplom almaq deyil, gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmaqdır".
Ə.Həsənli eyni zamanda son illər gənclər arasında universitetin nüfuzuna görə seçim etmək meylinin artmasına da diqqət çəkib:
"Bu müəyyən mənada başadüşüləndir, amma bunu yeganə meyar hesab etmək düzgün deyil. Bu gün əmək bazarında işəgötürənlər daha çox namizədin biliyinə, bacarığına və praktik hazırlığına üstünlük verirlər. Buna görə də bəzən ümumi reytinqi daha aşağı olan universitetdə konkret ixtisas üzrə keyfiyyətli təhsil almaq, yüksək reytinqli universitetdə zəif tədris olunan eyni ixtisası seçməkdən daha uğurlu nəticə verir. Məncə, abituriyent universitetin adına deyil, seçəcəyi ixtisasın ona hansı imkanları qazandıracağına diqqət yetirməlidir. Düzgün seçim gələcəkdə həm peşəkar inkişafı, həm də uğurlu karyeranı müəyyənləşdirən əsas amillərdən biridir".











