Baş nazir əlilliyi olan şəxslər, müharibə iştirakçıları, şəhid ailələri və digər həssas kateqoriyadan olan vətəndaşların sanatoriya-kurort müalicəsi ilə bağlı qaydalarda dəyişiklik olunması barədə qərar imzalayıb. Yeni qərar bu kateqoriyadan olan vətəndaşların reabilitasiya imkanlarının genişləndirilməsi və tibbi-sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, edilən dəyişikliklərin ən böyük müsbət tərəfi hüquqi mexanizmlərin daha da dəqiqləşdirilməsi və imtiyazlı qruplar üçün müalicə prosesinin əlçatanlığının artırılmasıdır.

Vəkilin sözlərinə görə, sanatoriya-kurort müalicəsi hüququnun olması müsbət hal olsa da, əhalinin böyük qismi – xüsusilə də əlilliyi olan şəxslər bu imtiyazlardan xəbərsizdir:
“Ümumiyyətlə belə imtiyazların mövcudluğu mütləq şəkildə təbliğ olunmalıdır. Əlilliyi olan vətəndaşların bu imkanlardan yararlanmaq hüquqları var. İctimai təşkilatlar, QHT-lər, həmkarlar ittifaqları, əlillik cəmiyyətləri mütləq şəkildə bu kateqoriyaya aid şəxsləri məlumatlandırmalıdırlar”.
Ramil Süleymanov həmçinin qeyd edib ki, bu imtiyazlardan istifadə edənlər var, lakin say məhduddur:
“İstifadə olunur, sadəcə olaraq yer sayı limitlidir. Bu səbəbdən geniş kütləyə çatmır. Kim daha çox məlumatlıdırsa, o da bu imkandan daha çox yararlanır.”
Ekspertin sözlərinə görə, yeni dəyişikliklərin tətbiqi ilə həm məlumatlandırma işinin gücləndirilməsi, həm də daha çox vətəndaşın bu müalicə növünə çıxışının təmin edilməsi gözlənilir.
Aynurə İsmayıl













