İcra başçısı qazinin yas mərasiminə gəldi: Elvinə daim qayğı göstərilibbackend

İcra başçısı qazinin yas mərasiminə gəldi: Elvinə daim qayğı göstərilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov intihar edən qazi Elvin Cəfərovun yas mərasimində iştirak edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, icra başçısı internet TV-lərə açıqlama verib. O deyib ki, E.Cəfərovun qazi kimi bütün tələblərinə cavab verib.

Onun qəbuluna düşə bilməməsini isə səhv məlumat adlandırıb: “Rəsmi qaydada hər həftənin dördüncü günü mənim qəbul günümdür. Bu qəbullar 7 saat da, 6 saat da, 5 saat da davam edir. Elvinlə də əvvəlki dövrlərdə dəfələrlə görüşüm olub. Nə vaxt gəlib, qəbul günü olmayanda da gəlib qəbul etmişəm.

Son hallardan isə mənim, ümumiyyətlə, xəbərim olmayıb. İstər icra nümayəndəliyi, istər bələdiyyə tərəfindən nə tələbi olub, hamısı imkan daxilində həyata keçirilib. Daim qayğıda olan qazilərdən biri də Elvin Cəfərov olub”.

S.Cabbarov deyib ki, Sabirabadda 1164 müharibə iştirakçısı, 154 qazi, 43 şəhid ailəsi var: “Elvin müharibədən gəldiyi gündən hansl tələbi olubsa, həyata keçirilib, DOST tərəfindən ictimai işlərə cəlb olunub. Aylıq maaşını alıb, mənzillə bağlı müraciəti alınıb və işləniləcək. İstər bələdiyyə, istərsə də İH tərəfindən elə bir hal olmayıb ki, Elvinin qaldırdığı məsələ həlsiz qalsın”.

Elvinin özünü niyə İH-nin binası qarşısında yandırmasına gəldikdə icra başçısı deyib: “Birincisi, o özünü İH-nin deyil, Mədəniyyət Sarayının qarşısında yandırıb. İkincisi də, gəlin hüquq mühafizə orqanlarının səlahiyyətində olan məsələni burada araşdırmayaq. Onlar araşdırma aparır. Hər şey üzə çıxacaq. Ailənin özü də bu araşdırmanın nəticəsindən narazı qalmayacaq. Belə məsələləri də siyasiləşdirmək düzgün deyil.

Elvinin özünü niyə yandırmasının səbəbləri araşdırılır. O, 1 nömrəli Psixi Dispanserdə qeydiyyatda olub. Orada müalicə alıb. Psixoloji olaraq müəyyən problemləri olub. Bunu da araşdıracaqlar.

Həyatda heç kim başına nə gələcəyindən sığorta olunmayıb. Sabah mənim övladım nə olacaq? Bilmirəm. Əsas odur ki, bu məsələlər dövlət qayğısızlığından deyil. Qayğısızlıqdan olsa, mən buna başqa yöndən yanaşaram”.