İctimai Şuradan Etibar Əliyevin istefası ilə bağlı AÇIQLAMAbackend

İctimai Şuradan Etibar Əliyevin istefası ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və Təhsil Nazirliyinin (ETN) yanında İctimai Şuradan istefa verdiyini açıqlayıb. Bu barədə o, öz feysbuk səhifəsində paylaşım edib.

Deputat İctimai Şuradan istefasını iclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi vatsap yazışmasının sosial şəbəkə hesablarında paylaşılması, bu məsələnin İctimai Şuranın müzakirə gündəliyinə salınmaması və digər səbəblərlə əlaqələndirib.

NOCOMMENT.az xəbər verir ki, ETN yanında İctimai Şuranın sədri Günel Səfərova E. Əliyevin istefası ilə bağlı məsələyə aydınlıq gətirib.

O bildirib ki, iyulun 10-da keçirilən İctimai Şuranın iclasında şura üzvləri tərəfindən, əsasən, 4 məsələ – müəllimlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti, ictimai dinləmələrin əhəmiyyəti, Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə yayılan təhrif edilmiş fikirlərə münasibət, tədris ilinin yekunu müzakirə edilib: “İlk növbədə onu qeyd etmək istəyirəm ki, Etibar Əliyev ETN-in yanında İctimai Şura üzvlüyündən istefası ilə bağlı şuraya rəsmi müraciət etməyib və bu gün təşkil edilən görüşdə də iştirak edib. “Zoom” platforması üzərindən keçirilən görüş zamanı da istefa ilə bağlı bizə hər hansı bir məlumat bildirilməyib.

Xüsusilə onu vurğulayım ki, ictimai iştirakçılığın təmin edilməsi məqsədilə ETN-in yanında yaradılan İctimai Şura təhsillə bağlı istənilən mövzunu müzakirə edəcəyimiz mühüm bir platformadır. Bütün şura üzvləri təsdiq edər ki, elm və təhsillə bağlı çoxsaylı məsələlərin müzakirəsi şura sədri olaraq tərəfimdən hər zaman dəstəklənib. 1 il 7 aylıq fəaliyyəti müddətində şura üzvü Etibar Əliyev iclas və müzakirələrdə iştirak etsə də, təhsilin bu və ya digər probleminə dair hər hansı narahatlıq və narazılığı barədə şuraya müraciət etməyib. Etibar Əliyev  şuranın daxili müzakirələri barədə yalnız öz feysbuk profilində statuslar paylaşıb, İctimai Şuraya istədiyi zaman müraciət etmək imkanının olduğu halda, kommunikasiya aləti kimi, əsasən, sosial şəbəkədən istifadə edib”.

G. Səfərova, həmçinin əlavə edib ki, İctimai Şura üzvlüyündən istefa Etibar Əliyevin hüququdur: “Son zamanlar, xüsusilə sertifikatlaşdırma prosesi ilə bağlı yekun hesabat tədbirində səsləndirilən fikirlərin təhrif edildiyindən narahatlığımı ifadə edərək bu gün iclasda Etibar Əliyevə mövqeyimi bildirdim. Hamı qəbul etməlidir ki, İctimai Şura platforma olaraq vacib məsələlərin və məzmunun müzakirəsi üçün fəaliyyət göstərən qurumdur, bu  mərama zidd davranışlar yolverilməzdir.

Bu gün iclasda haqlı olaraq şura üzvləri də Etibar Əliyevin hazırkı fəaliyyətini təqdir etməyərək onu sağlam dialoq, qarşılıqlı hörmət mühitinə dəvət etdilər. İctimai Şura üzvləri cəmiyyətdə tanınan, sahələrinin mütəxəssisi olan və təhsil istiqamətində çalışan insanlardır.

Qeyd edim ki, İctimai Şura üzvlüyündən istefa Etibar Əliyevin hüququdur. Əlbəttə, bu müddət ərzində işgüzar mühitdə münasibət barədə qərarlarını şura sədri olaraq mənə bildirməsi arzuolunan idi. Lakin mən insanların kommunikasiya vasitələrinin seçiminə və qərarlarına hörmətlə yanaşıram”.