Dünya Çempionatında 3-cü gün - Kimlər mübarizə aparacaq?

Dünya Çempionatında 3-cü gün - Kimlər mübarizə aparacaq?

Şimali Amerikada mundial həyəcanı: Dünya çempionatının üçüncü gününün təqvimi

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı bütün sürəti və həyəcanı ilə davam edir. Turnirin artıq üçüncü günü azarkeşlərə qrup mərhələsinin bir-birindən maraqlı və gərgin qarşılaşmalarını vəd edir.

NOCOMMENT.az xəbər verir ki, futbolsevərləri iyunun 13-də və növbəti günün ilk saatlarında gərgin mübarizələr gözləyir. Günün ilk dueli B qrupunda yer alan Qətər və İsveçrə yığmaları arasında baş tutacaq. "San-Fransisko Bay Area" stadionunda keçiriləcək bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Növbəti oyunlar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında futbolsevərləri ekran başına toplayacaq. Proqrama əsasən, C qrupunda yer alan turnirin əsas favoritlərindən Braziliya yığması Mərakeş ilə qarşılaşacaq. Bu maraqlı duel gecə saat 02:00-da start götürəcək. C qrupunun digər matçında isə saat 05:00-da Haiti və Şotlandiya yığmaları xal uğrunda mübarizəyə başlayacaqlar.

Azərbaycanlı azarkeşlərin böyük maraqla gözlədiyi D qrupunun ilk matçı isə səhər saatlarında keçiriləcək. Qardaş ölkə təmsilçisi Türkiyə millisi turnirdəki ilk sınağında Avstraliya ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə səhər saat 08:00-da başlayacaq.

Dünya çempionatı — I tur

13 iyun

  • B qrupu: 23:00. Qətər - İsveçrə

14 iyun

  • C qrupu: 02:00. Braziliya - Mərakeş

  • C qrupu: 05:00. Haiti - Şotlandiya

  • D qrupu: 08:00. Avstraliya - Türkiyə

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən bu möhtəşəm mundiala iyulun 19-da ABŞ-ın “MetLife” stadionunda oynanılacaq möhtəşəm final matçı ilə yekun vurulacaq.

Sara,
NOCOMMENT.az