"Heç kim təslim olmağı düşünməməlidir. Qazanılan hər xal, turnirlərdə vurulan hər qol çox vacibdir".
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim özünün "YouTube" kanalında bildirib.
Onun sözlərinə görə, ilk oyunda gözlənilməz məğlubiyyətə baxmayaraq, "ay-ulduzlular" növbəti mərhələyə yüksəlmək şanslarını qoruyurlar.
Məşhur məşqçi sona qədər mübarizə aparmağın vacibliyini vurğulayıb və keçmişdən nümunələr gətirib:
"Bu matç bitdi, daha iki oyunumuz var. AÇ-2008-də ilk oyunda Portuqaliyaya 2:0 hesabı ilə uduzduq, amma turnirin yarımfinalına yüksəldik. Türkiyə millisinin qarşıda iki oyunu var. Məqsəd sona qədər mübarizəni davam etdirməkdir. Biz elə bir turnirdəyik ki, hətta bir qələbə belə kifayət edə bilər".
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da qrupda keçirdiyi ilk oyunda Avstraliya yığmasına 0:2 hesabı ilə uduzub.\\Oxu.Az











