İmam Mehdinin məhkəməsi: Ona hər ay 100 manat zəkat verirdimbackend

İmam Mehdinin məhkəməsi: Ona hər ay 100 manat zəkat verirdim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özünü imam Mehdi kimi təqdim edən şəxsə hər ay 100 manat zəkat vermişəm, 9 min 750 manat ziyana düşdüm”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Etibar Novruzov deyib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə 2004-cü ildə zavodda birgə çalışdığı həmkarı Fuad vasitəsilə tanış olub: “Namaza yeni başlamışdım. İşdə çox da dini söhbət etməyə imkan olmurdu. İşdən sonra Əhmədlidə məclislərdə dini mövzulardan diskusiyalar aparırdıq. Oradakı məclislərin böyük əksəriyyətində Aqil Babayev iştirak edirdi və söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular imam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki günahlarının bağışlanması üçün zəkat verməlisən. 2021-ci ilin mayına qədər ona zəkat vermişəm. İmkanım yaxşı olduğuna görə, 2006-cı ildən 2010-cu ilə qədər ayda 100 manat zəkat vermişəm. 2010-cu ildə zavoddan çıxandan sonra taksi sürücüsü kimi fəaliyyət göstərdim. Bu səbəbdən 2021-ci ilə kimi ayda 30 manat zəkat verdim. Ümumilikdə isə 9 min 750 manat pul vermişəm. Sonradan xəbər tutdum Aqil zəkatları özü üçün xərcləyirdi”.

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, əksinə, zərərçəkmişin özü onun Buzovna qəsəbəsində yerləşən bağında bağban işləyib: “Halbuki kasıb adam olub. Əhmədlidə ona üçotaqlı ev və maşın vermişəm. Ailəsinə maddi yardımlar etmişəm. Mənim zəkatla bağlı xəbərim yoxdur. Onun dini savadı da yoxdur və mənlə tetatet söhbəti olmayıb. O, indi də mənim bağımda bağban işləyir”.

Daha sonra zərərçəkmiş qismində Telman Nuriyev ifadə verib.

Onun sözlərinə görə, o, A.Babayevlə bir məhəllədə yaşayıb və eyni sinifdə oxuyublar: “Mən namaz qılmağa 1999-cu ildən başlamışam. Məhəllədə həmyaşıdlarımın dini savadının yüksək olduğunu gördüm. Bunun kimdən öyrəndiyini soruşanda dedilər ki Aqil Babayevdən. Aqili də çox yaxşı tanıdığımdan ünsiyyətimi daha da sıx etdim və 2001-ci ildən onun sonuncu imam olmasına iman gətirdim. 2006-dan 2016-cı ilə kimi 40 manat vermişəm. Ona ümumilikdə 4 min 800 manat zəkat vermişəm. Pulu Polad adlı şəxs vasitəsilə verirdim”.

Məhkəmənin növbəti iclası 2023-cü il yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, ittihama görə, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.