Xəbər verdiyimiz kimi, ölkədə 4 gün ardıcıl tətil günlərində paytaxtdan rayonlara üz tutan sürücülər Ələt-Qazax magistralında yenidən sıxlıqla üzləşmiş, saatlarla ac-susuz yollarda qalmışdılar.
Bu hal isə bu sualları gündəmə gətirib: öncədən məlumat vermək məsul qurumun öhdəliyini azaldırmı? Niyə məhz tətil ərəfəsində təmir işləri aparılıb? Bu necə tənzimlənməli idi?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, təmir işləri zamanı məlumatın vaxtında və düzgün paylaşılması çox vacibdir:
“Təmir işləri gedən ərazilərlə bağlı ictimaiyyətə məlumat ötürülməsi mütləqdir. Bu, həm təhlükəsizliyin, həm də rahat hərəkətin təmin olunması üçün vacibdir.
Amma əsas məsələ təmirin hansı ərazidə və hansı vaxtda aparılması ilə bağlıdır.
Ələt-Qazax magistralı şəhər üçün strateji əhəmiyyətli yoldur. Burada işlər aparılarkən alternativ marşrutların müəyyənləşdirilməsi, hərəkətin yönləndirilməsi və istiqamətlərin dəyişdirilməsi koordinasiyalı şəkildə həyata keçirilməlidir.”
Ekspertin sözlərinə görə, belə halların qarşısını almağın yeganə yolu “dayanıqlı hərəkətin təşkili”dir:
“Dayanıqlı hərəkət o deməkdir ki, sürücülərin gediş-gəlişi fasiləsiz təmin olunmalıdır. İnsanları saatlarla yolda ac-susuz qoymaq olmaz. Öncədən xəbərdarlıq etmədən yola məhdudiyyət tətbiq etmək ümumiyyətlə düzgün yanaşma deyil.”
Qeyd edək ki, tətil günləri ilə əlaqədar magistral yollarda nəqliyyat axınının artması səbəbindən bu cür vəziyyətlər tez-tez yaşanır. Mütəxəssislər hesab edirlər ki, təmir işlərinin planlaşdırılması zamanı məhz bu amillər nəzərə alınmalıdır.
Aynurə İsmayıl













