Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (294,1 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 2 milyard 489,8 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 272,9 milyon manat və ya 12,3 faiz çoxdur.
NOCOMMENT.az-ın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.
Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) təhsil xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 1264,3 milyon manatı və ya 57,6 faizi ümumi təhsil xərclərinin (2018-ci illə müqayisədə 187,5 milyon manat və ya 17,4 faiz çox), 408,7 milyon manatı və ya 18,6 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 231,6 milyon manatı və ya 10,5 faizi ali təhsil xərclərinin (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin maliyyə təminatı ilə bağlı xərclər) (2018-ci illə müqayisədə 31,0 milyon manat və ya 15,4 faiz çox), 214,9 milyon manatı və ya 9,8 faizi məktəbəqədər təhsilin (2018-ci illə müqayisədə 45,4 milyon manat və ya 26,8 faiz çox), 42,3 milyon manatı və ya 1,9 faizi orta ixtisas təhsilinin (2018-ci illə müqayisədə 6,5 milyon manat və ya 18,1 faiz çox), 32,3 milyon manatı və ya 1,5 faizi peşə təhsilinin (2018-ci illə müqayisədə 7,7 milyon manat və ya 31,5 faiz çox), 1,7 milyon manatı və ya 0,1 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldilib.












