İran İslam Respublikası ölkənin ali rəhbərliyinin qətlə yetirilməsinə görə Amerika Birləşmiş Ştatları və İsraili beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb etmək niyyətindədir. Rəsmi Tehran bu addımı təkcə öz maraqları deyil, həm də qlobal təhlükəsizlik üçün vacib hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai xarici mediaya verdiyi açıqlamasında bildirib. Diplomat vurğulayıb ki, ali rəhbərliyin hədəf alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:
“Düşünürəm ki, bunu təkcə İran deyil, bütün beynəlxalq ictimaiyyət istəyir. Çünki ABŞ və İsrailin etdikləri sülhə, təhlükəsizliyə və insanlığa qarşı törədilmiş bir cinayətdir.”
Baqai çıxışında BMT-nin dörd Cenevrə Konvensiyasının birinci maddəsini xatırladıb. O qeyd edib ki, bu konvensiyaya əsasən, bütün dövlətlər humanitar hüquq normalarına riayət etməli və digər ölkələri də buna məcbur etməlidir. “Vaşinqton və Tel-Əvivin törətdiyi vəhşiliklər bu prinsipləri tapdaladığı üçün, bütün BMT üzvləri onları məsuliyyətə çağırmalıdır”, – deyə sözçü əlavə edib.
Xatırladaq ki, cari ilin 28 fevral tarixində ABŞ və İsrailin birgə həyata keçirdiyi hava hücumları nəticəsində İranda ali səviyyəli rəhbər şəxslər həlak olmuşdu. Bu hadisə bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlamasına səbəb olmuş, tərəflər arasında aprelin 8-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik müvəqqəti atəşkəs razılaşması əldə edilmişdi. Hazırda atəşkəsin müddətinin uzadılması və sülh danışıqlarının davam etdirilməsi istiqamətində diplomatik cəhdlər davam edir.
Sara,
NOCOMMENT.az










