Hələ sentyabr ayında İranda qırmızı ətin qiymətində kəskin artımı ilə bağlı məlumatlar yayıldı.
Heyvandarlıq Məhsulları İdxalçıları Assosiasiyasının rəhbəri Fərhad Aqahi xəbərdarlıq edərək bildirdi ki, indiki qiymət artımı davam edərsə, növbəti iki ay ərzində (oktyabr- noyabr) bir kiloqram ətin qiyməti bir milyon tüməndən ( 17- 18 manat) çox ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu günlərdə isə Süd Kooperativləri Birliyinin baş direktoru Əli Ehsan Zəfəri bildirib ki, İranın daxili bazarında süd və digər ağartı məhsullarının qiymətində ciddi artım qeydə alınıb:”
Ölkədə çiy südün qiymətində 70 faiz yüksəliş baş verib və bunun nəticəsi olaraq süd məhsullarının qiyməti də 60 faiz artıb. əsas xammal kimi çiy südün hər kiloqramının qiyməti 23.000 tüməndən 39.000 tümənə(34 manat) qalxıb və buna uyğun olaraq süd məhsullarının qiymətində də artım müşahidə olunur.”
Avtomatik olaraq qiymət artımı sürətlə digər məhsulların qiymətlərində də özünü biruzə verir.
Üstəlik İran əhalisi hazırda ən adi tələbatlarının yerinə yetirilməsinin çətinliklərini yaşayır. Su qıtlığı artıq İranda böyük bir iğtişaşın, vətəndaş müharibəsinin təməlini qoymaqdadır. Bundan başqa insanların hüquqlarının məhdudlaşdırılması da gərginliyi bir yandan artırır.
12 günlük İran-İsrail müharibəsində müdafiəsiz duruma düşən İran vətəndaşlarının dövlətinə olan güvəni yerlə bir oldu. Aradan bir neçə ay keçməsinə baxmayaraq, onlar hər gün İsrailin yenidən hücuma keçəcəyini və dövlətin bunun qarşısını ala bilməyə gücü çatmayacağını düşünürlər. Beləcə, bir yandan maddiyyatın çətinlikləri, digər yandan müdafiəsizlik iranlıların psixoloji durumuna təsir göstərir.
İndi dünyanın gözü İrandadır, yetişməkdə olan sosial partlayışın yaxın günlərdə özünü biruzə verəcəyi şübhəsizdir.
Əntiqə Rəşid













