İranda nə baş verir: Xalq narazılığı, yoxsa planlı iğtişaş?backend

İranda nə baş verir: Xalq narazılığı, yoxsa planlı iğtişaş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə İranın Həmədan şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.

İran mediasının yaydığı məlumatlara görə, bəzi etirazçılar digər dini kitablarla birlikdə Quranı yandırıb, ayrı-ayrı qruplar isə məscidə hücum edib.

Bildirilir ki, əlavə təhlükəsizlik qüvvələrinin bölgələrə cəlb edilməsindən sonra İranın əksər şəhərlərində etiraz aksiyaları dayandırılıb. İnsanların böyük hissəsi evlərinə qayıdıb, təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ölkə üzrə bütün şəhərlərdə nəzarəti gücləndirib. Hadisələr zamanı çoxlu sayda yaralı və saxlanılanların olduğu qeyd olunur.

Xüsusi təyinatlı qüvvələrin bölmə komandiri polkovnik İbrahimi açıqlamasında iğtişaşların baş verdiyi bütün şəhərlərdə vəziyyətin nəzarət altına alındığını və ictimai təhlükəsizliyin bərpa edildiyini bildirib. Onun sözlərinə görə, xarici qüvvələrin təşviq etdiyi iğtişaş cəhdlərinin qarşısı alınıb.

“İğtişaşçıların xaos törətdiyi bütün şəhərlər şəxsi heyətimiz tərəfindən təmizlənib və ictimai təhlükəsizlik bərpa edilib. Sionist rejimin yaratmaq istədiyi iğtişaşların qarşısı uğurla alınıb”, – deyə xüsusi təyinatlı qüvvələr bölməsinin komandiri polkovnik İbrahimi bildirib.

İran prezidenti Məsud Pezeşkian isə ölkədəki narazılığı etiraf edib və mövcud problemlərə görə məsuliyyətin hökumətin üzərində olduğunu bildirib. O, rəsmiləri baş verənlərdə hər şeyi ABŞ və digər xarici qüvvələrin üzərinə yıxmamağa çağırıb.

Bəs Pezeşkianın narazılığın əsas məsuliyyətini hökumətin üzərinə götürməsi fonunda bu prosesləri necə qiymətləndirmək olar: hazırkı etirazlar daha çox daxili sosial-iqtisadi problemlərin nəticəsidir, yoxsa hakimiyyətin iddia etdiyi kimi xarici təsirlərin rolunu da real hesab etmək olar və bu vəziyyət İranın daxili siyasi sabitliyinə yaxın perspektivdə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan VHP Siyasi Şurasının üzvü, siyasi ekspert Fikrət Nəsrəddinzadə qeyd edib ki, bu gün İranda dövlət müstəvisində və sıravi vətəndaşların evində danışılan əsas mövzu neçə gündür dünyanın diqqətini özünə çəkən etiraz aksiyalarıdır: “Hadisələri müşahidə edənlərin böyük qismi İrandakı mövcud daxili iqtisadi-sosial problemləri əsas göstərir və xalqın da, şüarlarda bildirdikləri kimi, guya mövcud hökumətin və ya quruluşun həmin problemlərin öhdəsindən gələ bilməməsinə etiraz etdiyini deyir. Hadisələr demək olar ki, milli bölgələrdən kənarda – əsasən farsların yaşadığı vilayətlərdə baş verir. Azərbaycan vilayətlərində demək olar ki, bu cür kütləvi çıxış qeydə alınmayıb. Ona görə ki, İranın şimal-qərbində yerləşən Azərbaycan vilayətləri baş verənlərin düşünülmüş plan olduğunu və heç də bu dövlətin və onun ümumi əhalisinin maraqlarını güdmədiyini dərk edir”.

Fikrət Nəsrəddinzadə

Ekspert bildirib ki, xüsusilə də Türkiyənin birmənalı şəkildə hadisələrdə ABŞ, İsrail və onlara arxa duran bir sıra ölkələrin barmağının olduğunu bildirməsi, üstəlik, iranlıları soyuqqanlı olmağa səsləməsi eyni soy-kökdən olan 35-40 milyonluq İran azərbaycanlılarını ehtiyatlı olmağa sövq edib: “Məncə də, İranda yaşanan olaylar tam dəqiqliyi ilə xaricdən idarə olunur və onu idarə edənlər ABŞ, İsrail, Avropa və onların Yaxın Şərqdəki “dostlarıdır”. Burada məqsəd heç də İrandakı xalqlara nəsə qazandırmaq deyil və heç vaxt da həmin qüvvələr bunu etməyəcəklər. Əsl məqsəd Suriya və İraqdan sonra İranı daxildən zəiflətmək və sonda onu öz istəklərinin əsiri etməkdir.