İranın son günlər Ermənistan–Zəngəzur xətti boyunca aktivliyini artırması regionda yeni suallar doğurub. Bakı üçün bunun nə anlam daşıdığı, həmçinin Tehranın bu prosesdə neytral mövqedə dayanıb-dayanmayacağı müzakirə edilir.
Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov NOCOMMENT.az-a bildirib ki, İranın uzun müddətdir Zəngəzur dəhlizinə münasibəti qeyri-konstruktiv olub:

Onun sözlərinə görə, İran 8 avqusta qədər Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” elan edirdi. Lakin Vaşinqtonda keçirilən görüş və əldə olunan razılaşma situasiyanı dəyişib:
“ABŞ artıq Zəngəzur dəhlizinin açılması prosesində iştirak edir və nəzarəti həyata keçirir. Bu o deməkdir ki, Tehran bundan sonra bu məsələdə Vaşinqton ilə də müzakirə aparmalı tərəfdir. İranın bu gün ABŞ layihələrinin qarşısına açıq şəkildə çıxması real deyil, çünki bu, ona ciddi problemlər yarada bilər.”
Ekspert hesab edir ki, İranın xətt boyunca fəallığını artırması proseslərə təsir göstərə biləcək gücdə deyil:
“Son dövrlər İranın bölgədə aktivliyinin artması, məncə, prosesə real təsir edə bilməyəcək. ABŞ dövlət katibinin müavininin İrəvana səfəri, TRİP layihəsinin müzakirəsi göstərir ki, Vaşinqton prosesi sürətlə irəli aparmaqda maraqlıdır.”
Qasımov əlavə edib ki, Tehran 35 il ərzində Ermənistanın maraqlarını qoruyan siyasət yürüdüb, lakin indi vəziyyət dəyişib:
“Prosesə digər qlobal oyunçunun – ABŞ-nin qoşulması İranın imkanlarını xeyli daraldıb. İranın bu prosesləri əngəlləmək potensialı çox zəifdir və belə cəhdlərin nəticəsinin nə olacağı da kifayət qədər aydındır.”
Nəticə etibarilə ekspert hesab edir ki, İranın hazırkı fəallığı Bakı üçün kritik təhlükə yaratmır və prosesdə əsas söz sahibi artıq regional yox, qlobal səviyyədə müəyyənləşir.
Aynurə İsmayıl













