Ermənistan bu gün Türkiyədən Azərbaycana və əks istiqamətdə “Marqara” və “Kornidzor”dan keçən yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu açıqlayıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Maraqlıdır, Azərbaycan-Ermənistan sülh sazişinə aparan prosesdə bu addım nə kimi rol oynaya bilər?
Mövzunu NOCOMMENT.az-a siyasi emlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova şərh edib:

“Hazırda üfüqdə sülh görünür. İndiyə qədər baş verən proseslərə hətta səthi, ötəri nəzər yetirmək belə kifayətdir ki, sülhə daha yaxın olduğumuzu, müharibə, revanşizmdən də bir o qədər uzaq məsafə qət etdiyimizi görə bilək. Bu, hər iki siyasi istəblişment və cəmiyyət üçün də gözlə görünən məsələdir. Lakin indiyə qədər baş verən proseslər bizə yeganə reallığı yaddaşlarımıza həkk etməkdən başqa bir alternativ tanımır ki, bu da sayıqlığı heç zaman əldən yerə qoymamaqdır. Elə ermənilər də belə düşünsələr yaxşıdır. Bu yanaşmanı əsas kimi onlar tutmalı olmasalar da, lakin iqtisadi karvan da, siyasi reallıqlar da öz yolu ilə davam etməlidir. “İrəliyə baxmadan necə inkişaf etmək olar?” ritorik sualı nəinki siyasətçiyə, hər iki cəmiyyətin ən sadə fərdinə belə məlum olan amildir. Elə məhz erməni cəmiyyətinin özü vaxtilə iki xalq arasında düşmənçiliyi daha da dərinləşdirən kəsləri öz zəhərli yuvalarında boğmalıdır. Həmin bu insanları seçkidə minimum elektorata sahib olduqlarını sübuta yetirib, biabır etmədən öncə, hətta kandidat kimi üzə çıxmalarına belə icazə verməməlidirlər. Belə insanın yeri siyasi meydan deyil. Əməlində əli insan qanına bulaşan, ritorikasında isə zəhər saçan bir kəs siyasi səhnədən daha nə qədər qovulmalıdır? Bakı təcridxanasına qədər. Yenidən, yeni bir bayramı da onda edərik. Elə bu məqamda “Ukraynada səfirliyimizin növbəti dəfə atəşə tutulması məhz bu reallıqlar fonunda təsadüfdürmü?” yeni ritorik sualı dərhal və avtomatik özünü büruzə verir”.
Politoloqun sözlərinə görə, Ermənistanın Türkiyədən Azərbaycana və əks istiqamətdə “Marqara” və “Kornidzor”dan keçən yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu açıqlamasına, əlbəttə müsbətdir, ümumi işə töhfədir:
“Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın deməsi qədər, cəmiyyət də bu müsbətin dalınca qaçmalıdır. Taxıl məsələsi, bununla bağlı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın taxılı birinci özü sınaqdan keçirəcəyi kimi revanşistlərin ağzının üstünə şillə vurması ilə sübut olunacaq ki, tarix boyu düşmənçiliyi başladan biz olmadığımız kimi bu cəmiyyətin üzünə güzgü tutaraq inkişafın yolunu göstəririk”.













