İş tapmayan oğlanlar ailə qurmasın – Deputatbackend

İş tapmayan oğlanlar ailə qurmasın – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xoşbəxt ailə, firəvan yaşayış heç də diplom, vəzifə, maşınla, rütbəli, varlı-dövlətli qohum-əqrəbalarla ölçülmür. Çox təəssüf ki, keçmişdəki sevgi, qarşılıqlı hörmət, təmiz hisslər bir qədər öz dəyərini itirib. İndi gənclərimiz ailə qurarkən ilk növbədə qızın, yaxud oğlanın diplomunu soruşur, hansı universiteti bitirdiyini gündəmə gətirirlər. Əməkhaqqının nə qədər olduğundan, hətta qohum-əqrəbalarının harada işlədiklərindən də xəbər tuturlar. Buna görə də bəzi valideynlər öz qızlarını, oğullarını ailə həyatı qurmağa ya məcbur edirlər, ya da ancaq sadalanan kriteriyalara uyğun razılıq verirlər. Ancaq bu yanaşma çox vaxt özünü doğrultmur. Bu gün elə varlı ailələr var ki, bütün təminatları olsa da, xoşbəxt deyillər. Hər şey qarşılıqlı sevgidən, məhəbbətdən, anlaşmadan, çətinliklərə sinə gərməkdən asılıdır. Çox təəssüf ki, bir çox gənclərimiz indi çətinlikdən qorxurlar. Məgər taksi sürən, fəhlə işləyən, yaxud digər siravi işlərdə çalışan insanlar xoşbəxt deyillər? Açıq deyirəm, onların sayı imkanı olanlardan daha çoxdur. Əgər ailədə qız, yaxud oğlan zəhmətlə böyüdülübsə, həyatın, ömrün qiymətini bilirsə, xoşbəxt yaşaya bilir. Bir-birilərini başa düşür, qiymətləndirirlər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, bu gün bəzi gənclər təhsil almadıqları, peşəyə sahib olmadıqları, bir işin qulpundan yapışmadıqları halda ailə qurmağa can atırlar: “Sonra bunun acı nəticələrini yaşayırlar. Sözsüz ki, bu, qəbuledilməzdir. İşin yoxdursa, peşə sahibi deyilsənsə, evlə təmin olunmamısansa, sən necə xoşbəxt ola bilərsən? Axı çətinliklər səni münasibətləri pozmağa vadar edəcək. Bu gün bir çox qızların az yaşda ərə verilməsinin, oxumayan, iş yeri tapmayan oğlanların ailə qurmasının tamamilə əleyhinəyəm. Çünki belə bir ailə heç vaxt xoşbəxt ola bilməz. Bir gənc zəhmətə, əməyə qatlanmırsa, o, ailə münasibətlərini də yarada bilməyəcək. Deməli, o, ailə dolandırmağa, müəyyən çətinlikləri həll etməyə qadir deyil. Belə olan halda, ailə təməli sarsılacaq. Əlində diplomu olan, universitet bitirən gənclər arasında işsizlər var. Bunu bilavasitə təbii hesab edirəm. Çünki elə gənclər var ki, onlar universitetləri güc-bəla ilə başa vurublar, dünya görüşləri aşağıdır, elmin sirrlərinə dərindən yiyələnməyiblər. Ancaq bu gün müasir dünya, yeni texnologiyalar daha mütərəqqi düşüncəli, intellekt səviyyəsi yüksək gəncləri tələb edir. Belə insanlar isə hansısa müsabiqədən, testdən keçməkdə bəzən acizlik göstərirlər. Buna görə də lazımi iş yerləri tapa bilmirlər. Gənclərin xoşbəxt həyat sürmələrinin, ölkəyə fayda vermələrinin, layiqli vətəndaş kimi yetişmələrinin tərəfdarıyam. Buna görə də ilk növbədə gənclər psixoloji sarsıntılardan uzaq olmalıdırlar. Ailə qurarkən, peşə seçərkən dönə-dönə sabahlarını da düşünməlidirlər”.