İslam dininə görə yas mərasimi necə keçirilməlidir?backend

İslam dininə görə yas mərasimi necə keçirilməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir sıra yerlərdə yas mərasimində yemək verilməsi qadağan olunub.

Belə ki, Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək.

Sosial şəbəkə istifadəçiləri həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər.

Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndində də bu qadağa qəbul olunub. Bununla yanaşı, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur. Şəkinin Kiçik Dəhnə kəndində yasda yemək verənlərin qapısına molla getmir.

Maraqlıdır, İslam dininin buna münasibəti necədir?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan “Cebhe.info”-ya açıqlamasında bildirib ki, yas yerlərində yemək vermək yas sahibinə çətinlikdən başqa bir şey deyil:

“Dində heç bir məcburiyyət yoxdur. Əksinə camaat yasa sahibinə yemək aparmalıdır. Hüzn sahibinin evində yemək bişməməlidir, camaat bişirib gətirməlidir və o da uzaqdan gələn, xəstə və uşaqlar üçün nəzərdə tutulur. Yas yeri toy, qonaqlıq deyil. Hər şeyin öz yeri var”.

İlahiyyatçı qeyd edib ki, Şəki və Naxçıvan camaatının bu işi görməsi müsbət haldır və davam etməlidir:

“Yas məclislərini alver, biznes, boğazotarma görkəmindən çıxarmaq, abıra salmaq lazımdır. Gedib bir qarın yeyib, dəftərə də pul yazdırıb gəlirlər. Daha bunun nəyi ehsan oldu? Sanki kafedə yeyib pulunu da ödəyib gəldin. Bu, sovet dövrünün ənənəsidir. Yəni, o zaman din önəmli deyildi, əsas maddi tərəfi nəzərdə tutulurdu.

Ancaq İslam dininə görə yas yerində ölü sahibinin başı qarışıq olduğuna görə qonşu, qohumlar, yaxınlar imkan çatan qədər onun evinə ərzaq, yemək, pul aparıb verməlidir.

Həzrət Peyğəmbərin (s.ə.s.) əmisi Həmzə ibn Əbdülmüttəlib (ə) Bədr savaşında və əmisi oğlu Cəfər Mutədə, İordaniya – Fələstin ərazisində şəhid olarkən Allahın Elçisi camaata dedi ki, onların ailəsinin indi başı yasa qarışıb. Siz onların ailəsi üçün yemək hazırlayıb aparın. Səhabələr də bunu icra etdilər.

Ona görə yas sahibinə də rahatlıq olmaq üçün Peyğəmbərin bu adətini bərpa etməliyik. Yasda ölü sahibinin hesabına heyvan kəsmək, cürbəcür yemək, içkilər, şirniyyat və başqa növ yeməklər verilir ki, bu da israfdır, günahdır.

Başqa rayonlarda da gərək icra nümayəndəsi, bələdiyyə sədri, kəndin, rayonun imamı camaatı maarifləndirsinlər ki, başqa rayonlarda da bu mənfur adətdən qurtara bilək”.