İranda hakimiyyət daxilindəki çat artıq dövlət idarəçiliyini iflic edəcək səviyyəyə çatıb. Ölkənin mülki rəhbərliyi ilə hərbi elitası – İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında gedən gizli müharibə artıq açıq müstəviyə keçib.
Prezident Məsud Pezeşkian və onun administrasiyası ölkəni beynəlxalq təcriddən çıxarmaq və iqtisadi böhrana son qoymaq üçün Qərblə dialoq yolları axtarsa da, SEPAH-ın radikal qanadı buna “sədd” çəkir. Xüsusilə SEPAH-ın aparıcı siması sayılan Əhməd Vahidinin ABŞ-la danışıqlara qarşı nümayiş etdirdiyi güzəştsiz mövqe Tehranı çıxılmaz dalana dirəyib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu gərginlik regionda yeni sui-qəsd dalğasına yol aça bilər. Politoloq qeyd edir ki, İsrail yaxın vaxtlarda SEPAH liderlərini hədəf alan xüsusi əməliyyatlara yenidən başlaya bilər:
“SEPAH generallarının dəyişməz və sərt mövqeyi İrandakı daxili və xarici böhranın birbaşa qaynağına çevrilib. Bu hərbi kasta ölkənin gələcəyini girov götürərək, hər hansı diplomatik yumşalmanın qarşısını alır. Belə bir vəziyyətdə İsrailin prosesə müdaxilə edərək, bu “maneələri” fiziki olaraq aradan qaldırması real ssenaridir. ABŞ-ın birbaşa hərbi toqquşmadan qaçdığı bir məqamda, İsrailin ön plana çıxaraq “nöqtə zərbələri” ilə SEPAH rəhbərliyini zərərsizləşdirməsi istisna deyil”.
M. Əsədullazadə əlavə edib ki, ABŞ və İsrailin strateji hədəfi İranı SEPAH-ın amansız nəzarətindən xilas etməkdir. Onun sözlərinə görə, vaxtilə Livanda “Hizbullah”ın dövlət daxilində dövlət quraraq hakimiyyətə təzyiq etdiyi model hazırda İranda SEPAH tərəfindən tətbiq olunur. Korpus faktiki olaraq mülki hökuməti oyuncağa çevirib və tam hakimiyyəti ələ keçirib. İsrailin bu generalları “ovlamaq” strategiyası həm də İrandakı islahatçı qüvvələrin əlini gücləndirmək və hərbi diktaturanı sarsıtmaq məqsədi daşıyır. Bu isə o deməkdir ki, Tehranın küçələrində və strateji obyektlərində yaxın günlərdə “müəmmalı” partlayışlar və sui-qəsd xəbərləri yenidən gündəmin əsas mövzusu ola bilər.
Tunar,
NOCOMMENT.az










