Praqmatik və çoxşaxəli xarici siyasətə malik olan Azərbaycanın ən böyük uğurlardan biri də qardaş Türkiyə ilə birlikdə regional və beynəlxalq məsələlərdə birgə addım atmasıdır. Prezident İlham Əliyevin təbirincə desək, Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə Türkiyə bütün rəqiblərimizin cavabını verməyə daim hazırdır.
Bundan başqa, dünyəvi sistemlə idarə olunan Azərbaycan və Türkiyə kimi türk dövlətləri əksər müsəlman dövlətlərindən, o cümlədən terroru dövlət səviyyəsində dəstəkləyən molla rejimli İrandan çox fərqlənir. Son illərdə Türkiyənin istər Cənubi Qafqaz bölgəsində, istərsə də Suriyada sülhün bərqərar olması istiqamətində atdığı addımlar bütün dünyada həm heyrətlə, rəğbətlə, həm də qısqanclıqla qarşılanmaqdadır. Türkiyənin siyasi və mənəvi dəstək verdiyi Azərbaycanın Qarabağdakı parlaq Zəfəri isə Prezident İlham Əliyev demişkən, “dünya miqyasında çox iri layları tərpədib”.
Yeni gəlmişkən, Türkiyənin addımlarını rəğbətlə qarşılayanlardan biri dünyanın ən qüdrətli dövləti olan ABŞ-nin prezidenti Donald Trampdır. O, Ərdoğanı Ağ Evdə komandasına təqdim edərkən onun 2000 ildə heç kimin Suriyada edə bilmədiyi işi həyata keçirdiyini söylədi, hətta Ərdoğanla Netanyahu arasında vasitəçilik edə biləcəyini dedi. Tramp isə İsrailin və Netanyahunun ən yaxın dəstəkçisi hesab olunur.
Odur ki, İsrailin diaspor işləri və sosial bərabərlik üzrə naziri Amixay Şiklinin Türkiyəni yeni İran adlandırması, qardaş ölkənin hazırda İsrail üçün ən təhlükəli regional təhdidə çevrildiyini bəyan etməsi heç bir əndazəyə sığmır.
Hərbçi keçmişi olan israilli nazirin sözlərinə görə, rəsmi Təl-Əviv beynəlxalq arenada Türkiyəni təcrid etmək üçün addımlar atmalıdır: “Türkiyə – yeni İrandır. Onun Suriyada genişlənmək ambisiyası var. Orada hərbi bazalar qurur. Qəzzaya təsirini artırmaq niyyətindədir. Türkiyə bu gün İsrail üçün ən ciddi təhlükədir”, — deyə o, bildirib.
Çox təəssüf ki, israilli nazir bununla təkcə Türkiyədəki bəzi ultra ifrat yazarların “sionist dövlətin növbəti hücumu Türkiyəyə olacaq” iddiasına haqq qazandırmır, həm də İsrailin Azərbaycandakı tərəfdarlarını məyus edir.
Çox uzağa getməyək, artıq hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində israilli nazirin açıqlamasını “maskaların yavaş-yavaş cırılması” kimi qiymətləndirib. “Yadıma Eyyub Yaqubov (və ya Yaqub Eyyubov?) adlı müğənnimiz düşdü. Ötən il demişdi ki, Turan dövləti qurulacaq və yanında İsrail olacaq…P.S. Yayda İsrail İrana hücum edəndə demişdim ki, faşist sionist rejiminin növbəti hədəfi Türkiyə olacaq. Çünki zatən böyük hədəf İslam dünyasıdır: ərəb də, türk də, fars da, digər müsəlman ölkələri də…”, – deyə hüquqşünas vurğulayıb.
NOCOMMENT.az -a açıqlamasında isə politoloq Aydın Sadiq başqa mövqedən çıxış edib.
Politoloq bildirib ki, Türkiyə belə münasibəti illər boyu apardığı inadkar antiisrail siyasəti ilə qazanıb.
“Bu, Ərdoğan hakimiyyətinin ən böyük səhvlərindən biridir. Bəla burasıdır ki, fələstinlilər, ərəblər heç vaxt türkləri sevməyiblər. Son dövrədək fələstində erməni və kürd terrorçularının hərbi məşq bazaları var idi.
Türkiyə bunu bilirdi. 7 oktyabr 2023-cü ildə məhz HƏMAS dinc insanlara hücum edib, kütləvi qətl törətmişdi. Türkiyə bunu da görmüşdü, amma rəhbər, siyasətçilər və kütləvi informasiya vasitələri yalnız İsrailin bombalarından danışdılar.
Qəzza bölgəsində yeraltı bunkerlər, silah anbarları, İsrail ərazisinə keçid üçün tunellər tapıldı, amma Türkiyə ağzına su alıb susdu.
Söz düşmüşkən, Qəzzanı içməli su, eləcə də elektrik enerjisi, yanacaq ilə daim İsrail dövləti təmin edib.
Nəhayət, Türkiyə yəhudi dövlətini və baş nazir Netanyahunu cinayətkar elan edərək, Beynəlxalq məhkəməyə verib. Terrorçu HƏMASı – yox. Türkiyə özünü yəhudi dövlətinin düşməni kimi göstərir. Bunu yalnız belə başa düşmək olar. Buradan da – qazanılan münasibət.
Düşünülmüş siyasət kor-koranə dini birliklə deyil, haqq-ədalətlə ölçülür. Müdriklik isə tələb edir ki, Türkiyə İsrail ilə strateji əməldaş olsun. Ərdoğan gərək unutmasın: Türkiyə də İsrail kimi düşmən əhatəsindədir”, – deyə politoloq vurğulayıb.
Onu da qeyd edək ki, Türkiyənin tanınmış yazarı Yılmaz Özdil dəfələrlə İsrail məsələsində Bakının yürütdüyü siyasəti örnək göstərib.
Etiraf etməliyik ki, qardaş ölkə ilə İsrail arasında vaxtaşırı yaranan gərgin münasibət Azərbaycanda çox böyük narahatlıqla izlənir. Rəsmi Bakının dəfələrlə Türkiyə-İsrail arasında gərginliyin aradan qaldırılması naminə vasitəçi kimi bir sıra addımlar atdığı barədə vaxtaşırı mediada xəbərlər işıqlandırılıb. Çünki bir tərəfdə canımızdan artıq sevdiyimiz və vətənimiz hesab etdiyimiz Türkiyəmiz, digər tərəfdə çətin anlarda öz əlini bizə uzatmış müttəfiq və könül bağı yaratdığımız, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizə yardım edən Azərbaycan doğumlu yəhudi soydaşlarımız dayanır. Azərbaycanın daim yanında olan Türkiyənin isə İsraillə anlaşması, əslində iki türk və bir yəhudi dövlətinin daha da güclənməsinə gətirib çıxara bilər.
Bunu vaxtilə Türkiyənin baş naziri Bülənt Ecevitlə İsrailin baş naziri Binyamin Netanyahunun əməkdaşlığı sübut edib. Ecevitin məhz Netanyahuya müraciəti terrorbaşı Abdulla Öcalanın Afrikada tutulub Türkiyəyə gətirilməsi ilə nəticələndi.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-də fəaliyyət göstərən türk, yəhudi və Azərbaycan diasporlarının bir araya gəlməsi erməni diasporunun türk dünyasına qarşı atdığı bir sıra addımların önünü kəsdi.
Bu ilin yayında isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin bəzi türk yazarlarına ölkəmizin İsrail məsələsində həssas durumunu belə izah etmişdi: “Bizə Avropada silah embarqosu tətbiq edildi, bu embarqo zamanı İsrail bizə silah satıb, biz bunu gizlətmirik və bundan qorxmuruq. İsrailin satdığı silahların isə pulunu verib almışıq. Lakin məsələ yalnız silah deyil. Azərbaycan türk ənənələrinə uyğun olaraq Osmanlıda olduğu kimi hər zaman zülm görən xalqlara qarşı öz evini açıb, onlarla öz çörəyini bölüşüb. Sovetlər dağıldıqdan sonra yəhudilərin bir qismi İsrailə getdilər və Azərbaycan ilə İsrail arasında bir könül bağı qurdular, bizim həqiqətlərə hər zaman dəstək oldular”.
Ümid edək ki, israilli nazirin yolverilməz açıqlaması Türkiyə-İsrail münasibətlərində yeni gərginliyin yaranması ilə nəticələnməyəcək.
Murad İsgəndər













