Azərbaycanda son illər iqtisadi durğunluqla yanaşı ən ciddi narahatlıq doğuran məsələlərdən biri işsizlikdir. Xüsusilə regionlarda yerli istehsalın, aqrar sektorun və ümumi iqtisadi aktivliyin azalması minlərlə insanın iş imkanlarını məhdudlaşdırır. Mütəxəssislər hesab edir ki, həm sərhədlərin bağlı qalması, həm də qeyri-neft sektorunun yetərincə inkişaf etməməsi bu problemi daha da dərinləşdirir.
Bu barədə NOCOMMENT.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, son illərdə ölkədə iqtisadi aktivlik, iqtisadi dövriyyə və yerli istehsal, xüsusilə də regionlarda azalır:
“Bu vəziyyət belə davam edir. Aqrar sektorda tənəzzül müşahidə olunur. İdxaldan asılılığımızı göstərən rəqəmlər də bunu sübut edir. Əsas ərzaq məhsullarında idxaldan asılılıq getdikcə artır. Ümumiyyətlə, digər sahələrdə də irəliləyiş yoxdur — regionlarda istər yüngül sənaye, istərsə də yeni sənaye sahələri. Son dövrdə iqtisadiyyat əsasən neft sektoruna söykənib, qeyri-neft sektorları isə vaxtında inkişaf etdirilməyib. Bundan əlavə, başqa amillər də təsir göstərir.”
Sosioloqun sözlərinə görə, sərhədlərin beş ildir bağlı qalması ticarəti, xarici dövriyyəni və turizmi azaldır ki, bu da iqtisadiyyata bir tərəfdən ciddi zərər vurur.
“Bununla yanaşı, mövcud monopoliya hallarının, kiçik sahibkarların fəaliyyətinə maneələrin və bu kimi məsələlərin qeyri-neft sektorunun inkişafına imkan vermədiyini bildirir. İnvestisiyaların cəlb edilməsindən tutmuş dövlət subsidiyalarının düzgün xərclənməməsinə qədər bir çox səbəbin vəziyyəti ağırlaşdırdığını qeyd edir. Məsələn, aqrar sektora yüz milyonlarla vəsait ayrılır, hər dəfə ümumilikdə milyardlarla yönəldilir. Amma buna baxmayaraq, aqrar sektorda tənəzzül davam edir, məhsul istehsalı azalır, ixrac geriləyir və ölkənin tələbatı ödənmir. Səbəblər çoxdur və kompleks yanaşma tələb olunur. Əvvəla, ölkədə qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi götürülməli və dövlət investisiyaları tam şəkildə ora yönəldilməlidir. Bundan əlavə, azad bazar rəqabətinin təmin olunması, yerli və xarici investorların qeyri-neft sektoruna marağının artırılması vacibdir. Strateji valyuta rezervlərimiz 82 milyarda çatıb. Bu vəsaitlər xarici banklarda cüzi faizlə yerləşdirilir və ciddi gəlir gətirmir. Onun 10–20 milyardının qeyri-neft sektoruna, regionlara investisiya kimi yönəldilməsi mümkündür.”
Elçin Bayramlının sözlərinə görə, sahibkarlara, xüsusilə kiçik və orta sahibkarlara uzunmüddətli güzəştli kreditlərin verilməsi, özünüməşğulluq proqramının əhatə dairəsinin ciddi şəkildə genişləndirilməsi vacibdir:
“Azərbaycanda bu proqram effektivdir, amma böyük maliyyə bazası tələb edir və əhatə dairəsi hələ ki, kifayət qədər geniş deyil. Onu artırmaq lazımdır ki, insanlar özlərinə iş qura bilsinlər, müxtəlif istehsal sahələri yaransın, kiçik xidmət və istehsal müəssisələri formalaşsın və dövlətə vergi ödəsinlər. Monopoliya halları tam aradan qaldırılmalı, azad bazar sistemi qurulmalıdır.”
Bayramlı bildirib ki, insanlar öz məhsullarını sərbəst şəkildə bazara çıxara bilməlidir.
“Xüsusilə rayonlarda mövcud bəzi problemlər mütləq həll olunmalıdır. Məsələn, suvarma və ümumi su təminatı problemləri aqrar sektoru tamamilə sıradan çıxarır. Su problemi mütləq həll edilməlidir. Torpaqların 50 faizi şoranlaşıb və istifadəyə yararsız vəziyyətə düşüb. Bununla bağlı da ciddi tədbirlər görülməlidir.”
Sosioloqun fikrincə, bütün bu problemlərdən çıxış yolları mövcuddur:
“Azərbaycanın 82 milyard dollarlıq strateji rezervi var. Sadəcə siyasi iradə tələb olunur ki, bu proqram həyata keçirilsin. Bu tədbirlər icra olunsa, iki-üç il ərzində paytaxt və ətrafına toplaşmış əhalinin ən azı yarısı regionlara qayıda bilər.”












