Türkiyə hüquq-mühafizə orqanları uzun müddətdir izlədiyi təhlükəli cinayətkar şəbəkənin rəhbərini zərərsizləşdirib. Qızıl qaçaqmalçılığında ittiham olunan və İnterpol tərəfindən dünya səviyyəsində axtarılan 38 yaşlı Azərbaycan vətəndaşı İnqilab Babayev İstanbulun Eyüpsultan rayonunda keçirilən xüsusi reyd zamanı yaxalanıb.
NOCOMMENT.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Bölməsi tərəfindən həyata keçirilən bu əməliyyat aylarla davam edən gizli izləmənin nəticəsidir. Məlumata görə, İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında səs-küyə səbəb olan irimiqyaslı qızıl qaçaqmalçılığının əsas təşkilatçısı hesab olunur. Həmin vaxt Dubaydan gətirilən və iki təhlükəsizlik işçisinin köməkliyi ilə ölkəyə keçirilməyə çalışılan 16 kiloqramlıq (32 ədəd külçə) qızıl partiyası ələ keçirilmiş, hadisə ilə bağlı 7 nəfər dəmir barmaqlıqlar arxasına göndərilmişdi.
Lakin həmin vaxt cinayətkar qruplaşmanın lideri olan İnqilab Babayev istintaqdan yayınaraq qaçmağa nail olmuşdu. Onun gizləndiyi ünvanın tapılması üçün polis maraqlı bir detalı izləyib. Belə ki, qaçaqmalçı rəhbərin ailəsini İstanbula gətirtməsi polisin diqqətindən qaçmayıb və ailə fərdlərinin hərəkət trayektoriyası hüquq-mühafizə orqanlarını Eyüpsultandakı gizli sığınacağa aparıb.
Xüsusi təyinatlı polis qüvvələrinin qəfil müdaxiləsi ilə yaşadığı evdə qandallanan Babayev dərhal bölməyə aparılıb. Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına yerləşdirilib. Hazırda Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları qaçaqmalçılıq şəbəkəsinin digər mümkün əlaqələrini və Dubaydan uzanan qanunsuz qızıl yolunun təfərrüatlarını araşdırır.
Həmçinin bildirilir ki, müsadirə olunan qızıl külçələrinin bazar dəyəri milyonlarla dollarla ölçülür və bu əməliyyat son illərin ən böyük qaçaqmalçılıq işlərindən biri kimi qeydə alınıb.
Sara,
NOCOMMENT.az










