Jurnalist keçmiş merlə adaşını səhv saldı – qəzet üzr istədibackend

Jurnalist keçmiş merlə adaşını səhv saldı – qəzet üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York şəhərinin keçmiş merinin adaşı onu siyasətçi ilə səhv salan jurnalistə zarafatla cavab verdiyindən bu, saxta xəbərin dərc olunmasına səbəb olub.

NOCOMMENT.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Lonq-Aylenddə on ildən çox şərab idxalı ilə məşğul olan Bill DeBlasio adlı şəxs onunla eyni adı daşıyan Nyu-Yorkun keçmiş meri Bill de Blasio üçün nəzərdə tutulmuş elektron məktublar alıb.

Keçmiş merin adaşı keçən həftə bu məktublardan birinə cavab vermək qərarına gəlib. Buna səbəb “Times of London” nəşrinin müxbirinin Demokratlar Partiyasından mer vəzifəsinə namizəd olan Zohran Mamdani barədə DeBlasionun fikrini soruşması olub.

Şərabçı cavabında real həyatda keçmiş merin həvəslə dəstəklədiyi namizədin platformasını tənqid edib. “Mən məsələni araşdırdım, fikirlərimi yazdım və bəzi xırda düzəlişlər etmək üçün ChatGPT-dən istifadə etdim. Sonra bunu unudub, məzuniyyətə getdim. Bunun xəbərlərə düşəcəyini heç fikirləşməmişdim”, – deyə o, “Associated Press”ə bildirib.

Nyu-York şəhərinin keçmiş meri Bill de Blasio (solda) “New York Mets” beysbol oyununda şərabçı adaşı Bill DeBlasio ilə şəkil çəkdirir.

Həngamə bundan sonra başlayıb. “Times of London” qəzetində dərc olunan məqalədə bildirilib ki, Nyu-Yorkun keçmiş meri namizəd Mamdaninin iddialı planlarının “tələblərə cavab vermədiyi” qənaətinə gəlib.

Keçmiş merin bu xəbərə reaksiya verməsi nəticəsində məqalə silinib və qəzet üzr istəməli olub. Nəşrdən bildirilib ki, müxbiri “Nyu York şəhərinin keçmiş meri olduğunu iddia edən şəxs yanıldıb”.

Şərabçı isə diqqətə çatdırıb ki, o, özünü mer kimi təqdim etməyib. “Müxbir mənə cənab DeBlasio kimi müraciət etdi, mən də cənab DeBlasio kimi cavab verdim. Onlar mənim sitatımı yoxlamadan qəbul etdilər, indi də məni ittiham edirlər?”, – deyə keçmiş merin adaşı sual edib.

Xatirə SADİQ