“NTV-nin (Naxçıvan Televiziyası – red.) sədr əvəzi, hörmətli xanım həmkarım, sosial şəbəkələrdə, qeyri-rəsmi müzakirələrdə və müxtəlif platformalarda mənimlə bağlı səsləndirdiyiniz fikirləri ictimai müstəviyə çıxarmaqla özünüzü yorursunuz. Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm. Amma buna lüzum görmürəm. Həmkarıq, bizə yaraşmaz. Gedin, sakitcə işlərinizlə məşğul olun. Qoy oturduğumuz yerdə sakitcə oturaq”.
NOCOMMENT.az xəbər verir ki, bunu “Şərq qapısı” qəzetinin keçmiş baş redaktoru Sara Əzimova bildirib.
O, qeyd edib ki, NTV yalnız xəbər yayımı ilə məhdudlaşan platforma deyil:
“Hə, bir də məsləhət görərdim ki, diqqətinizi rəhbərlik etdiyiniz qurumda sağlam idarəçilik sisteminin formalaşdırılmasına yönəldəsiniz.
Hazırda kollektiv daxilində ünsiyyət boşluğu, narazılıqlar və sistemli problemlər açıq şəkildə hiss olunur, hətta artıq nəzərəçarpacaq səviyyəni keçib. Təəssüf ki, dedi-qodu və intriqalara ayrılan vaxt artdıqca, efir siyasəti arxa plana keçir. Nəticədə efir məzmunu təkrar proqramlarla doldurulur, sosial şəbəkələrdə isə təsir imkanları zəif olaraq qalır. Unutmaq olmaz ki, NTV yalnız xəbər yayımı ilə məhdudlaşan platforma deyil. O, milli dəyərləri, ənənələri və cəmiyyətin inkişafını əks etdirən mühüm media qurumudur.
Mənim “Şərq qapısı” qəzetindəki fəaliyyətim və idarəçilik təcrübəm kifayət qədər aydın və ortadadır. Görünən dağa bələdçi lazım deyil… Yol isə daha aydın və uzundur”.
Qeyd edək ki, Naxçıvan TV-nin hazırkı sədr əvəzi jurnalist İlhamə Novruzovadır.\\“Yeni Sabah”










