“Kanal 13”ün aparıcısı saxlanılmasının təfərrüatlarını açıqladıbackend

“Kanal 13”ün aparıcısı saxlanılmasının təfərrüatlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Kanal 13” internet televiziyasının aparıcısı və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Rüfət Muradlı yanvarın 1-də azadlığa buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, o, “Azadlıq radiosu”na saxlanılmasının təfərrüatları barədə danışıb.

R. Muradlı deyir ki, dekabrın 2-də avtomobilindən enən kimi dörd nəfər onu saxlayıb, sonra barəsində protokol tərtib olunub:

“Sonra isə Xətai rayon Məhkəməsinə aparıldım, orada da heç bir məhkəmə araşdırması aparılmadan 1 ay müddətinə həbs olundum”.

O, ona qarşı ittihamlarla razılaşmır, həbsini peşə və siyasi fəaliyyəti ilə əlaqələndirir:

“Birincisi, xuliqanlıq mənim xarakterimdə yoxdur, ikincisi isə, orada xuliqanlıq etməyə heç macal belə yox idi. Maşından enən kimi saxladılar”.

R.Muradlının sözlərinə görə, inzibati həbsdə olarkən “Kanal 13” televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi ilə bağlı şahid qismində dindirilib.

Onun bu açıqlamasına, hələlik, Xətai rayon Məhkəməsi, Daxili İşlər Nazirliyi və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, R.Muradlı dekabrın 2-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə 1 ay müddətinə həbs olunmuşdu.

Xatırlatma

Əziz Orucov noyabrın 27-də saxlanıb, onun evində və “Kanal 13”ün ofisində axtarış aparılıb. Daha sonra ona CM-in 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham verilərək haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Lakin sonradan ona əlavə, qaçaqmalçılıq ittihamı irəli sürülüb. Ə.Orucov da özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Ötən ilin dekabrında “Kanal 13” ilə əməkdaşlıq edən Şamo Eminov da həbs olunub. O da qaçaqmalçılıqda ittiham edilir və haqqında 3 ay 5 günlük həbs-qətimkan tədbiri seçilib. Ş.Eminov da ittihamı qəbul etmir.

Ötən ilin son iki ayında Azərbaycanda azı səkkiz jurnalist qaçaqmalçılıq və başqa ittihamla həbs edilib. Rəsmilər Azərbaycanda jurnalistlərin sırf tənqidi yazı və araşdırmalarına görə həbs olunmaları barədə deyilənləri təkzib edirlər.