Kapital Bankda məlumat sızması – Ekspertdən ŞOK AÇIQLAMAbackend

Kapital Bankda məlumat sızması – Ekspertdən ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə ölkənin ən böyük banklarından biri olan Kapital Bankın müştərisinin şəxsi məlumatlarını üçüncü tərəfə ötürülməsi ilə bağlı məlumatlar yayılmışdı. Bundan sonra bank baş vermiş bu arzuolunmaz halı təsdiq edib və bununla bağlı rəsmi açıqlama yayımlayıb.

“Müştəri məlumatlarının qorunması ilə bağlı məqamlar həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də bankın daxili normativ sənədləri ilə tənzimlənir. Bundan irəli gələrək əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyinin qorunması ilə bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur. Sözügedən mövzu hazırki media sorğusu daxil olmadan öncə daxili nəzarət mexanizmləri nəticəsində müəyyən edilmiş və araşdırma başladılmışdır. Araşdırma nəticəsində qeyd olunan hal əmək və icra intizamının pozulması hesab edildiyindən əməkdaş barəsində müvafiq intizam tədbiri görülmüşdür.

Qeyd edirik ki, müştəri məlumatlarının qorunması bankımız üçün ən vacib məsələdir və bank bu kimi hallara dözümsüz yanaşır, həmçinin bu istiqmətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir” , – deyə bankın açıqlamasında qeyd edilib.

Əkrəm Həsənov

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, Kapital Bankda belə halların olması ehtimalı böyükdür:

“Kartlardan vəsaitlərin oğurlanmasından tutmuş, müştərilərə edilən həmin o “sizin bu bankda hesabınız var, kart məlumatınızı deyin” kimi zənglərə qədər müxtəlif hallar baş verib. Yəni bankın adından kimlərsə tez-tez vətəndaşlara zəng edirdi. Bu da sual yaradırdı: bu fırıldaqçı, yaxud haker hardan bilir ki, həmin şəxsin bu bankda hesabı var? Deməli, ya bankın informasiya sisteminə daxil olub məlumat görür, ya da ki, içəridən kimsə məlumat ötürür. Yəni bu ehtimal hər zaman mövcud idi. Yaxşı ki, bank bu halları aşkar edib, ayırd edib və qarşısını almağa çalışır.”

Ekspertin sözlərinə görə, bankda elə nəzarət və İT sistemi olmalıdır ki, məlumatların çıxarılması ümumiyyətlə mümkün olmasın:

“Təəssüf ki, Azərbaycan banklarının böyük bir hissəsində əsas problem budur: dəfələrlə demişəm ki, onların rəhbərləri maaşdan başqa ilin sonuna görə mənfəət əsasında böyük bonuslar, mükafatlar alırlar — bəzən yüz minlərlə, bəlkə də milyonlarla manat. Ona görə də onların marağı gəlirləri artırmaq, xərcləri isə azaltmaqdır. Xərclər azaldılır, o cümlədən də təhlükəsizlik xərcləri. Fikir belədir ki, “Onsuz da müştərimiz çoxdur, təhlükəsizliyə niyə əlavə pul xərcləyək?”. Halbuki bank nə qədər böyükdürsə, təhlükəsizliyə də bir o qədər çox vəsait ayrılmalıdır”.

Əkrəm Həsənov bildirib ki, elə mexanizmlər olmalıdır ki, daxili məlumatı çıxarmaq ümumiyyətlə mümkün olmasın:

“Əgər kimsə məlumat çıxarırsa, sistem avtomatik olaraq bildiriş göndərməlidir ki, filankəs hansısa məlumatı harasa ötürdü. Bu mümkündür və tətbiq olunmalıdır. Amma bu sistem daim təkmilləşdirilməlidir. Yəqin ki, bankda belə sistem var, sadəcə olaraq onun davamlı təkmilləşməsinə də pul xərclənməlidir. Problem isə odur ki, dediyim kimi, xərclərin az olması rəhbərliyə ilin sonunda daha böyük bonuslar qazandırır və buna görə təhlükəsizliyə investisiya etmək istəmirlər”.