Kapital bankın bəzi müştərilərin kartından 1 faiz komissiya tutmaq qərarı hələ də gündəmin əsas müzakirə mövzusudur. Bu məsələ kart istifadəçiləri tərəfindən birmənalı qarşılanmır və müəyyən müzakirələrə yol açır.
Mövzunu NOCOMENT.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli şərh edib:
“Bu dəyişiklik həm müştəri maraqları, həm də bankın kommersiya mövqeyi baxımından maraqlı nəticələr doğurur. Artıq bəzi əməliyyatlarda 1% komissiya tutulması müştərilər üçün əlavə xərclər yaradır. Xüsusilə müntəzəm olaraq nağdlaşdırma edən və ya digər banklara pul göndərən müştərilər üçün bu əhəmiyyətli əlavə yükdür.
Müştərilər öz maliyyə davranışlarını nəzərə alaraq fərdi limit əldə etmədiklərini hiss edə bilər və bu, məmnuniyyətsizliyə səbəb ola bilər. Bank daxilində köçürmələrin pulsuz qalması müştəriləri bankın ekosistemində əməliyyat etməyə təşviq edir. Bu, xüsusilə müştəri üçün sadə və sərfəli bir seçim olaraq qalır”.
Ekspertin sözlərinə görə, 1% komissiyanın tətbiqi bankın gəlirlərini artırır. Xüsusilə nağdlaşdırma və digər banklara köçürmələr üzrə komissiya, əməliyyat həcmi böyük olan müştərilər üçün əlavə gəlir mənbəyidir. Bank daxilində köçürmələri pulsuz saxlamaq müştəriləri öz sistemində saxlamağa, ekosistemə yönəltməyə xidmət edir. Bu, uzunmüddətli müştəri sadiqliyini artırır. Bəzi müştərilər əlavə xərc səbəbindən bankı tərk edib digər alternativlərə yönelə bilər. Xüsusilə digər bank kartlarından istifadə etmək daha sərfəli olan müştərilər üçün bu risk mövcuddur. Yəni bu qərar bank üçün gəlir artırıcı bir addımdır və müştəriləri öz kartları daxilində əməliyyat etməyə təşviq edir. Lakin müştəri baxımından bəzi əlavə xərclər yaranır və düzgün kommunikasiya ilə bu dəyişikliklərin izahı vacibdir ki, məmnuniyyət itkisi minimal olsun”.












